Mağazada yararlılıq müddəti bitmiş ərzaq məhsulları aşkar edilib
30 Mart 2023 12:10




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonunun Divanlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Müşviq Vaqif oğlu Əliyevə məxsus ərzaq məhsullarının pərakəndə satışı mağazasında yoxlama həyata keçirilib.
Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada satışa təqdim edilən bəzi məhsulların saxlanma müddətinin bitdiyi və mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və onların geyim qaydalarına əməl etmədiyi məlum olub. Eləcə də mağazada dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
