Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
2 Dekabr 2024 16:29








Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şahbazova Təranə Xubalı qızına məxsus kafedə plandankənar yoxlama keçirib.
Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, mətbəxdə döşəmə və divarların, işçi masanın asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulun təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq kefenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Oxşar xəbərlər

İdxal olunan ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlanıb, "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.

AQTA-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri keçiriləcək
Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında minifutbol turniri təşkil olunacaq. 2025-ci il 3 may – 21 iyun tarixlərini əhatə edəcək oyunlarda Agentliyin qurumlarını təmsil edən 12 komandanın iştirakı nəzərdə tutulur. Qrup mərhələsində qarşılaşacaq komandalar püşkatma mərasimində müəyyənləşib. Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.

Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib. Baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Eyni zamanda pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.
