Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA yas mərasimlərində qeydə alınan zəhərlənmələrlə bağlı araşdırmaları davam etdirir
AQTA yas mərasimlərində qeydə alınan zəhərlənmələrlə bağlı araşdırmaları davam etdirir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir.  Belə ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək.  AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər.

Xaricdən gətirilən heyvanların daşınmasında yeni yanaşma: məqsəd bioloji təhlükəsizliyi gücləndirməkdir
Xaricdən gətirilən heyvanların daşınmasında yeni yanaşma: məqsəd bioloji təhlükəsizliyi gücləndirməkdir

Ölkəmizdə heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xaricdən idxal olunan xırda və iribuynuzlu heyvanların beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınmasına keçid təşviq edilir. Mövzu ilə bağlı yaranan suallara AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev aydınlıq gətirib. O bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı tələb olunan zoogigiyenik və baytarlıq normalarının təmin edilməsinə imkan verir. Bu nəqliyyat vasitələri tam dezinfeksiya oluna bilir, heyvanların yem və su ilə təmin edilməsinə, effektiv ventilyasiya sisteminin işləməsinə, eləcə də onların növünə və canlı çəkisinə uyğun sahə normalarına riayət olunmasına şərait yaradır. Şöbə müdirinin sözlərinə görə, uyğunlaşdırılmış və ya qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır. Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir. Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur. Daha ətraflı:

Yay aylarında qida zəhərlənmələrinə qarşı diqqətli olun! -VİDEO
Yay aylarında qida zəhərlənmələrinə qarşı diqqətli olun! -VİDEO

Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır. Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.  Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir. Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir. Daha ətraflı:

Su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllə, 9q ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasov Həsən Tofiq oğluna məxsus su emalı müəssisəsində planlı yoxlama keçirib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlama zamanı müəssisədə texnoloji axın ardıcıllığı prinsipinə riayət olunmadığı, filtr sistemlərinin istismarı və texniki xidmətinə dair qeydiyyatın aparılmadığı, emal prosesində istifadə olunan su çənlərinin dezinfeksiya edilmədiyi müəyyən edilib. Bundan əlavə, “Suel” əmtəə nişanı altında qablaşdırılmış su məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu, suyun mənbəyi, istehsalçı məlumatları, istehsal və son istifadə tarixləri ilə bağlı istehlakçılara düzgün məlumat verilmədiyi aşkarlanıb.  Müəssisədə emal olunan sulardan laborator müayinələr üçün nümunələr götürülüb. Aşkar edilmiş nöqsanlarla bağlı obyekt rəhbəri barəsində inzibati protokol tərtib olunub və uyğunsuzluqlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Vətəndaşların diqqətinə: Sosial şəbəkələrdə satılan bəzi “arıqlama” məhsulları sağlamlıq üçün ciddi təhlükə yaradır
Vətəndaşların diqqətinə: Sosial şəbəkələrdə satılan bəzi “arıqlama” məhsulları sağlamlıq üçün ciddi təhlükə yaradır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları sosial şəbəkələrdə sürətli arıqlama vəd edən mənşəyi şübhəli məhsullara qarşı diqqətli olmağa çağırır. Aparılan monitorinqlər zamanı sosial şəbəkələrdə reklam edilərək satılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli və istifadəsi qadağan edilmiş sibutramin maddəsi aşkarlanıb. Bu maddə ciddi sağlamlıq riskləri yaratdığı üçün Azərbaycan Respublikasında qida məhsulları və dərman vasitələrində istifadəsi qadağandır. AQTA bildirir ki, sosial şəbəkələrdə anonim səhifələr vasitəsilə satılan məhsulların əksəriyyəti dövlət qeydiyyatından keçmir və onların tərkibi barədə istehlakçılara düzgün məlumat verilmir. Agentlik vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş məhsullardan istifadə etməyi, məhsulun mənşəyi və istehsalçısı barədə məlumatları yoxlamağı, arıqlama məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl isə həkim və ya mütəxəssis məsləhəti almağı tövsiyə edir. Sağlam və davamlı çəki azaldılması balanslaşdırılmış qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür.  Daha ətraflı:

Piknik zamanı qida təhlükəsizliyi qaydalarına əməl edilməlidir
Piknik zamanı qida təhlükəsizliyi qaydalarına əməl edilməlidir

Yay mövsümündə təbiət qoynunda istirahət edənlərin sayı artır. Bu zaman düzgün qidalanma və qida təhlükəsizliyi qaydalarına riayət olunması sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.  Mütəxəssislər açıq havada istirahət zamanı ağır, yağlı və həddindən artıq kalorili qidalardan uzaq durmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəzlər, mövsümi meyvələr, yoğurt, zeytun yağı ilə hazırlanmış salatlar və tam taxıllı çörəklə hazırlanmış sendviçlər daha sağlam seçim hesab olunur.  Şirniyyatlar, çipslər və yüksək duzlu qəlyanaltılar əvəzinə qurudulmuş meyvələr, təzə meyvələr və ya az miqdarda çərəzlərə üstünlük verilməsi tövsiyə olunur. Qoz, fındıq və badam kimi çərəzlər kiçik porsiyalarla istehlak edildikdə faydalı qəlyanaltı hesab edilir. Çiyələk, alma, gilas, qarpız, yemiş və digər mövsümi meyvələr isə həm vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də orqanizmin maye balansının qorunmasına dəstək olur. İsti havalarda qidaların daha tez xarab olmasını nəzərə alaraq, onların düzgün saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Ət, toyuq, balıq, yumurta, süd məhsulları və mayonez tərkibli salatlar portativ soyuducularda və ya soyuducu çantalarda saxlanılmalıdır. Tez xarab olan qidalar uzun müddət günəş altında və otaq temperaturunda qalmamalıdır. Açıq havada yemək hazırlanarkən istifadə olunan qab-qacaq və mətbəx ləvazimatlarının təmizliyinə diqqət yetirilməli, çiy və bişmiş qidalar ayrı-ayrı qab və konteynerlərdə saxlanılmalıdır. Həmçinin, istirahət zamanı kifayət qədər su qəbul etmək vacibdir. Şəkərli və qazlı içkilərin həddindən artıq istehlakı tövsiyə olunmur, çünki bu içkilər orqanizmdə maye itkisini artıra bilər. Qida təhlükəsizliyi qaydalarına riayət edilməsi qida mənşəli infeksiyaların və zəhərlənmələrin qarşısının alınmasına kömək edir.      Ətraflı:

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib