Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Hazırda bizim üçün başlıca məqsəd sahənin real tələblərinə cavab verən, tam təlim keçmiş mütəxəssislər yetişdirməkdir. Ümumi tədris proqramını mənimsəməklə yanaşı, gələcək mütəxəssis keyfiyyətə nəzarət standartları ilə işləməyi, texnoloji və qida təhlükəsizliyi sənədlərini tərtib etməyi, təhlükə təhlilini aparmağı və kritik nəzarət nöqtələrini düzgün müəyyən etməyi bacarmalıdır. Buraya, həmçinin daxili audit, laboratoriya nəticələrinin interpretasiyası, izlənilmə sistemləri və korrektəedici tədbirlərin idarəolunması vərdişləri daxildir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AQTA yanında İctimai Şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Məhərrəmova səsləndirib. O bildirib ki, yeni Dövlət Proqramı qida təhlükəsizliyi sahəsində bir neçə istiqamətə müsbət təsir edəcək. Bunlardan birincisi, heyvandarlıq və kənd təsərrüfatıdır: “Proqram birbaşa fermerlərə monitorinq və preventiv tədbirlər həyata keçirməkdə dəstək verir. Xatırlayırsınızsa, dabaq xəstəliyinin yayılması heyvandarlıq sektoruna ciddi zərbə vurmuşdu. Yeni sənəddə bu istiqamətdə konkret tədbirlər nəzərdə tutulub”. Mehriban Məhərrəmova deyib ki, ikincisi, idxal-ixrac prosesləridir. “Sənəd idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək, bu isə öz növbəsində sahibkarlar üçün mühüm dəstəkdir. Nəzərdə tutulur ki, dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə 2 yeni qida təhlükəsizliyi nəzarəti məntəqəsi fəaliyyətə başlasın, arıçılıq məhsullarının, o cümlədən balın Avropa İttifaqı ölkələrinə, quşçuluq məhsullarının, o cümlədən yumurtanın isə yeni bazarlara ixracı üçün icazələr alınsın”, - deyə o vurğulayıb. AQTA yanında İctimai Şuranın sədri diqqətə çatdırıb ki, üçüncüsü, HACCP prinsiplərinin genişlənməsidir: “Proqramın hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində HACCP tətbiqinin sürətləndirilməsidir. Konkret nəticə indikatoru isə qida müəssisələrinin 80 faizində HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulmasıdır. Bunun üçün metodiki tövsiyələrin hazırlanması və müəssisələr üçün təlimlərin keçirilməsi nəzərdə tutulur”. O deyib ki, dördüncü istiqamət tədris proqramlarının yenilənməsidir: “Proqramdan irəli gələn dəyişiklik və əlavələr tədris proqramlarına — həm bakalavriat, həm də magistratura səviyyəsində — inteqrasiya olunacaq. Bununla yanaşı, ümumi təhsil pilləsi üzrə dərsliklərə sağlam qidalanma və zoonoz xəstəliklərə dair materialların daxil edilməsi, beynəlxalq təşkilatların texniki komitələrinin işində yerli mütəxəssislərin iştirakının artırılması nəzərdə tutulur. Sonuncu, xüsusilə gənc kadrların beynəlxalq normayaratma təcrübəsi ilə birbaşa tanış olması baxımından dəyərlidir”, - deyə İctimai Şuranın sədri bildirib. Mehriban Məhərrəmova qeyd edib ki, beşinci istiqamət rəqəmsal izlənilmə və ictimai nəzarətdir: “Ayrıca vurğulamaq istərdim ki, Dövlət Proqramı AQTİS-də vahid izləmə altsisteminin yaradılmasını və pilot layihə çərçivəsində 50 qida subyektinin bu sistemə qoşulmasını nəzərdə tutur. “Tarladan süfrəyədək” izlənilmənin tam qurulması həm istehsalçı, həm də istehlakçı üçün şəffaflıq deməkdir”. Onun fikrincə, ümumilikdə 2027−2032-ci illər üçün Dövlət Proqramı institusional bazanı elmi potensial, kadr hazırlığı və rəqəmsal həllərlə tamamlayır. Onun uğurlu icrası isə xeyli dərəcədə sahə üzrə hazırlanan mütəxəssislərin keyfiyyətindən asılı olacaq.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Abbaszadə Nəsimi Əlipolad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstehsal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində istifadə olunan suyun, bütün alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” yeni imkanlar yaradır. Bunu yeni təsdiq olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” ilə bağlı AZƏRTAC-a fikirlərini bildirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü, ekspert Asəf Ömərov deyib. O bildirib ki, güclü baytarlıq laboratoriyaları sağlam heyvandarlığın və təhlükəsiz qidanın təminatıdır: “Heyvandarlığın davamlı inkişafının əsas şərtlərindən biri heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərə qarşı effektiv nəzarət sisteminin mövcudluğudur. Müasir dövrdə heyvan xəstəliklərinə yalnız baytarlıq problemi kimi yanaşmaq kifayət deyil. Bu xəstəliklərin bir qismi insan sağlamlığı üçün də təhlükə yaratdığı halda, digər qismi heyvandarlıq təsərrüfatlarına ciddi iqtisadi zərər vuraraq ərzaq istehsalına və ölkənin iqtisadi təhlükəsizliyinə təsir göstərə bilir. Heyvan xəstəliklərinin iqtisadi təsiri də nəzərə alınmalıdır. Belə xəstəliklərin təsiri yalnız xəstə və ya tələf olmuş heyvanların sayı ilə ölçülmür. Məhsuldarlığın azalması, reproduktiv göstəricilərin pisləşməsi, məcburi kəsim, profilaktika və xəstəliklə mübarizə tədbirlərinə çəkilən əlavə xərclər, heyvanların hərəkətinə qoyulan məhdudiyyətlər, həmçinin heyvan və heyvan mənşəli məhsulların daxili və beynəlxalq ticarətində yarana biləcək maneələr fermerlərin gəlirlərinə və bütövlükdə ölkənin aqrar iqtisadiyyatına təsir göstərə bilər. Bu səbəbdən heyvan xəstəliklərinə qarşı mübarizədə əsas məqsəd yalnız artıq baş vermiş xəstəliyə reaksiya vermək deyil. Müasir baytarlıq sistemi xəstəliyin erkən aşkarlanmasına, sürətli və dəqiq diaqnostikasına, epidemioloji nəzarətə və riskəsaslı profilaktikaya söykənməlidir. Laborator diaqnostika xəstəliklərə nəzarətin əsas sütunlarından biridir. Heyvan xəstəliklərinin erkən müəyyənləşdirilməsində güclü laboratoriya sistemi həlledici əhəmiyyət daşıyır. Klinik əlamətlər bir sıra xəstəliklərdə oxşar ola bildiyindən, yekun diaqnozun təsdiqlənməsi üçün müasir və etibarlı laborator müayinələr tələb olunur. Bu baxımdan ölkədə fəaliyyət göstərən Respublika Baytarlıq Laboratoriyasının və Zona Baytarlıq laboratoriyalarının potensialının davamlı olaraq gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi ilə yanaşı, onların tətbiq etdiyi diaqnostik metodların çeşidinin genişləndirilməsi, keyfiyyət təminatı sistemlərinin inkişaf etdirilməsi, biotəhlükəsizlik və bioloji mühafizə standartlarının gücləndirilməsi, eləcə də mütəxəssislərin davamlı peşə hazırlığı laboratoriya sisteminin effektivliyini müəyyən edən əsas amillərdəndir”. Asəf Ömərov vurğulayıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən dövlət laboratoriyalarının təkmilləşdirilməsi və onların müayinə imkanlarının genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulur. Bu yanaşma baytarlıq laboratoriyalarının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Respublika və zona səviyyəsində fəaliyyət göstərən baytarlıq laboratoriyalarının maddi-texniki bazasının modernləşdirilməsi yoluxucu xəstəliklərin daha sürətli aşkarlanmasına və diaqnostik imkanların regionlarda da gücləndirilməsinə şərait yarada bilər. “Zona Baytarlıq laboratoriyalarının imkanlarının genişləndirilməsi xəstəliklərin məhz yarandığı regionlarda daha sürətli aşkarlanmasına şərait yarada bilər. Nümunələrin uzaq məsafələrə göndərilməsinə ehtiyacın azalması diaqnostika müddətini qısalda, operativ qərarların qəbulunu sürətləndirə və xəstəliyin digər təsərrüfatlara yayılmasının qarşısının alınmasına kömək edə bilər. Burada əsas məsələ yalnız yeni avadanlığın alınması deyil. Laboratoriya şəbəkəsinin inkişafı avadanlıq, müasir diaqnostik metodlar, standart əməliyyat prosedurları, keyfiyyətə nəzarət, biotəhlükəsizlik və bioloji mühafizə, məlumatların idarə edilməsi və peşəkar insan resurslarının vahid sistem daxilində inkişaf etdirilməsini tələb edir. Baytarlıq laboratoriyalarının gücləndirilməsinə qoyulan investisiyanın nəticəsi yalnız laboratoriya daxilində görülən işlərlə məhdudlaşmır. Güclü diaqnostik sistem fermerlərin təsərrüfatlarının qorunmasına, heyvan itkilərinin azaldılmasına, zoonoz risklərin erkən müəyyən edilməsinə, təhlükəsiz heyvan mənşəli məhsulların istehsalına və ölkənin ixrac potensialının qorunmasına xidmət edir. Bu baxımdan 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində laboratoriya sisteminin modernləşdirilməsi Azərbaycanın baytarlıq xidmətinin gələcək inkişafı üçün mühüm imkan yaradır”, - deyə o qeyd edib.
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində sertifikat və şəhadətnamələrin həqiqiliyinin elektron qaydada yoxlanılmasına imkan verən “Sertifikatın yoxlanılması” adlı bölmə istifadəyə verilib. Yeni funksional imkan vasitəsilə sahibkarlar və digər maraqlı şəxslər sertifikatın həqiqiliyini əlavə müraciətə ehtiyac olmadan onlayn qaydada yoxlaya bilərlər. Bunun üçün sertifikatın seriyası və nömrəsi, növü (modul) və verilmə tarixi müvafiq bölmələrə daxil edilərək “Yoxla və Axtar” düyməsi seçilir. Sorğu əsasında sistemdə müvafiq sertifikat aşkar edilmədikdə bu barədə məlumat təqdim olunur. Sertifikat sistemdə mövcud olduqda isə onun həqiqiliyi təsdiqlənir və sertifikata aid sənəd və elektron fayllara çıxış imkanı yaradılır. Eyni zamanda, sistemdə müxtəlif dillərdə formalaşdırılmış sertifikatların müvafiq dil versiyaları da axtarış nəticəsində əks olunur. Yeni xidmət sertifikatların operativ və şəffaf şəkildə yoxlanılmasına, elektron sənədlərə əlçatanlığın artırılmasına və yoxlama prosesinin daha rahat həyata keçirilməsinə imkan yaradır. Daha ətraflı:
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Yeni Dövlət Proqramı əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsi, qida mənşəli xəstəlik və təhlükələrin azaldılması, istehlakçıların və sahibkarların məlumatlılığının artırılması, eləcə də Azərbaycanın qida məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib. Proqramda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə yeni normativ hüquqi aktların hazırlanması, sahibkarların yeni tələblər barədə məlumatlandırılması və qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinin gücləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının əsas yeniliklərindən biri qida məhsullarının vahid izlənmə sisteminin yaradılmasıdır. "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemində (AQTİS) Vahid İzləmə Altsisteminin hazırlanması və qida zəncirində fəaliyyət göstərən subyektlərin bu sistemə qoşulması planlaşdırılır. Bununla məhsulun istehsaldan son istehlakçıya qədər hər mərhələdə izlənilməsi mümkün olacaq. Bu isə risk yarandıqda problemin mənbəyinin daha sürətli müəyyənləşdirilməsinə imkan verəcək. Pilot layihə qismində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək. Heyvanların identifikasiyası istiqamətində də yeni mərhələyə keçid nəzərdə tutulur. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin əhatə dairəsi və funksionallığı genişləndiriləcək. Bu, heyvanların sağlamlıq vəziyyətinin daha effektiv izlənilməsinə, epizootiya əleyhinə tədbirlərin operativ həyata keçirilməsinə və heyvan mənşəli məhsulların izlənilməsinə imkan yaradacaq. Qida təhlükəsizliyi üzrə sanitariya norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcək. Xüsusilə arıçılıq məhsullarına, o cümlədən bala dair beynəlxalq təcrübə əsasında yeni sanitariya norma və qaydalarının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər Azərbaycan balının və digər arıçılıq məhsullarının, eləcə də quşçuluq məhsullarının yeni xarici bazarlara çıxışına imkan yaradacaq. Bu məqsədlə yeni ixrac bazarları araşdırılacaq, həmin ölkələrin tələbləri öyrəniləcək və məhsulların ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlər genişləndiriləcək. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin sürətləndirilməsi də Dövlət Proqramının əsas hədəflərindəndir. Bu sistem qida təhlükəsizliyi ilə bağlı risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına imkan verir. Proqram çərçivəsində qida təhlükəsizliyində müasir texnologiyalardan istifadənin genişləndirilməsi də planlaşdırılır. AQTİS-də risklərin təhlili üçün süni intellekt modelinin hazırlanması, həmçinin sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi nəzərdə tutulur. Qida təhlükəsizliyi sahəsində laboratoriya imkanlarının artırılması da diqqətdə saxlanılır. Mövcud dövlət laboratoriyalarının təkmilləşdirilməsi, yeni analitik metodların tətbiqi və yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivariumun yaradılması nəzərdə tutulur. Yeni Dövlət Proqramında istehlakçıların məlumatlandırılmasına da xüsusi önəm verilir. Allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi, sağlam qidalanma ilə bağlı maarifləndirmənin artırılması və qida təhlükəsizliyi üzrə məlumatlılığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların artırılması da nəzərdə tutulur. Beləliklə, 2027–2032-ci illər üçün Dövlət Proqramı qida təhlükəsizliyində daha müasir, rəqəmsal və risk əsaslı yanaşmanın tətbiqini sürətləndirəcək. Məhsulların izlənilməsi, heyvanların identifikasiyası, yeni sanitariya tələbləri, HACCP sisteminin genişləndirilməsi, süni intellekt və müasir laboratoriya imkanları qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsinə xidmət edəcək. Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti (SFVS) arasında onlayn görüş keçirilib. Görüşdə heyvan sağlamlığı və biotəhlükəsizlik, epizootoloji monitorinq, heyvanların identifikasiyası və qeydiyyatı, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyi sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Xəstəlik ocaqlarının vaxtında aşkarlanması, peyvənd məlumatlarının rəqəmsal qeydiyyatı, risklərin təhlili və Coğrafi İnformasiya Sistemlərinin (CİS/GIS) tətbiqi istiqamətində Litvanın təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, identifikasiya tələblərinə əməl olunmasına nəzarət mexanizmləri və fermerlərin sistemə cəlb edilməsi yolları müzakirə olunub. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
20.08.2026-cı il tarixində Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Çağrı Mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zamanı kütləvi zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub. Məlumat əsasında AQTA əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib. Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub. Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb. Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir. Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb. AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlər zamanı qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Xüsusilə ev şəraitində hazırlanan qidaların kütləvi məclislərdə istehlaka təqdim olunması tövsiyə edilmir. Belə hallarda qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələri Çin Xalq Respublikasında keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün kənd təsərrüfatı sənayesinin inkişafı və yoxsulluğun azaldılması” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.
Giriş