Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri üçün növbəti təlim təşkil olunub. “Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri” mövzusunda keçirilən təlim zamanı AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin böyük məsləhətçisi Eldəniz Əkbərov iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat təqdim edib. Bildirilib ki, Agentlik tərəfindən qida zəncirində riskəsaslı dövlət nəzarəti tədbirlərinin əhatə dairəsi genişləndirilir, saxta və təhlükəli qida məhsullarının dövriyyədən çıxarılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Könüllülərə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində mövcud əsas qanunvericilik aktları barədə geniş məlumat verilib, həmçinin qida müəssisələrində aparılan yoxlama və nəzarət tədbirləri zamanı aşkar edilən uyğunsuzluq hallarında qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirlər izah olunub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Chinar Lunch Catering Service” MMC-nin İrandan gətirdiyi “Maryam Naderi Zarneh” şirkətinin istehsalı olan 1680 kq nuqa qənnadı məhsulundan nümunələr götürülüb. Laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 27-si saat 10:00-da Agentliyin Dağlıq Şirvan regional bölməsinin inzibati binasında (Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi 20) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 26-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək. AQTA istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, cari ilin 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinq baş tutacaq. Monitoriq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərində vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
Qida təhlükəsizliyi sahəsində sanitariya normalarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni normativ sənədlər hazırlanıb. Belə ki, Agentlik Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nda dəyişiklik layihəsi və “Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” üzrə yeni layihə hazırlanıb. Layihələrin hazırlanmasında həm Kodeks Alimentarius Komissiyasının tövsiyələri, həm də Avropa Komissiyasının müvafiq reqlamentləri nəzərə alınıb. Sanitariya normalarının beynəlxalq tələblərə uyğunlaşdırılması inkişaf etmiş ölkələrin bazarlarına çıxışı asanlaşdıracaq, ölkəmizin qeyri-neft sektorunun, xüsusilə heyvan mənşəli qida məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfə verəcəkdir. Qeyd edək ki, Agentlik tərəfindən texniki normativ hüquqi aktlar beynəlxalq standartlar, elmi, texnoloji yeniliklər əsasında hazırlanır və ətraf mühitə, canlı aləmə mümkün təsirlər nəzərə alınaraq mütəmadi yenilənir.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kq halva məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.
Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib. Belə ki, bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib. Eyni zamanda bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib. Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub. Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) 15 yeni funksionallıq istifadəyə verilib. Əlavə olaraq bildirim ki, ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Cari il ərzində fəaliyyətimizin nəticəsi olaraq ötən illə müqayisədə identikləşdirilmiş heyvanların sayında 26.2% artım müşahidə olunub. Bu günə qədər HİQS-də 869 773 baş heyvan qeydiyyata alınıb. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.
Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badamın ixracı üçün müvafiq icazələr əldə olunub. Eyni zamanda quş əti, akvakultura və yabanı dəniz məhsulları, eləcə də alma, xurma, nar, zəfəran və albalı kimi bitkiçilik məhsulları üzrə ixrac icazələrinin alınması istiqamətində qarşı tərəflə intensiv danışıqlar və işlər aparılır. Bundan əlavə, 2025-ci il 20 oktyabr tarixində Agentliyin Çinin CIFER (Çinə Qida Məhsulları İdxal edən Müəssisələrin Qeydiyyatı Sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və Agentliyə giriş məlumatları təqdim edilib. Bu isə Azərbaycan sahibkarlarının həmin sistemdə qeydiyyatının Agentlik tərəfindən təsdiqlənməsini mümkün edir. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.
AQTA-nın sədr müavini Əziz Şərifov media nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycandan İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri bir sıra məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. Hazırda isə alma, armud, şaftalı, nektarin, heyva kimi bitkiçilik məhsulları və eyni zamanda baytarlıq nəzarətində olan ərzaqlıq yumurta, balıq, ət və süd məhsullarının ixracı üzrə icazələrin əldə olunması istiqamətində qarşı tərəf ilə intensiv işlər aparılır. Yüksək riskli məhsullar hesab edilən balıq kürüsü, ərzaqlıq və damazlıq yumurtanın BƏƏ-yə ixracının davamlılığı təmin edilib, BƏƏ-nin nümayəndələri keçirilən görüşlərin və aparılan işlərin nəticəsi olaraq, ət və ət məhsulları, süd və süd məhsulları, dəniz məhsulları, bal və digər arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb, həmin məhsulların eləcə də diri iri və xırda buynuzlu heyvanların ixracı üzrə müvafiq razılıq əldə olunub. Qeyd edək ki, bu tədbirlər Azərbaycan sahibkarlarının fəaliyyətini daha da stimullaşdırır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. AQTA-nın sədr müavini Əziz Şərifov ötən il ərzində Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, qida zəncirində risk əsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib, saxta və təhlükəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, laborator müayinələr gücləndirilib, idxal və ixrac proseslərində beynəlxalq standartlara uyğunlaşma təmin olunub, elektron nəzarət sistemləri tətbiq edilib və yerli məhsullar üçün yeni bazarlara çıxış imkanları yaradılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla yekunlaşıb, növbəti dövrü əhatə edən yeni Dövlət Proqramı hazırlanıb. “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. Xüsusi həssas qruplar üçün 1994-cü ildən bəri istifadə olunan normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib. Əziz Şərifov qida zənciri üzrə dövlət nəzarətinin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ildə 4 304 müəssisədə yoxlama aparılıb və 3 739 müəssisədə uyğunsuzluq aşkarlanıb. Qanunvericiliyin tələblərinə əsasən, tədbirlər görülüb. Eyni zamanda 7 halda kərə yağı adı altında bitki tərkibli yağların satışı faktı aşkar edilərək istehlakçıların aldadılmasının qarşısı alınıb. 561 dönərxana və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib, 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində nöqsanlar aşkar edilib. 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub, 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı mal əti adı ilə satılan məhsullardan götürülən nümunələrdə bir sıra hallarda at və camış ətinin DNT-si aşkarlanıb. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb və qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Eyni zamanda Agentlik İDEA İctimai Birliyi ilə birgə aparılan monitorinqlərdə vəhşi heyvanların və quşların ictimai iaşə müəssisələrində qanunsuz saxlanılması və nümayiş etdirilməsi faktları aşkar edilib. AQTA-nın sədr müavini Əziz Şərifov bildirib ki, heyvanların bu cür şəraitdə saxlanılması və nümayiş etdirilməsi vətəndaşların zoonoz xəstəliklərinə yoluxması riskləri yaradır. Ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirlərində ümumilikdə müxtəlif növ 8 197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb və zəruri tədbirlər görülüb. Əziz Şərifov bildirib ki, ölkəmizə il ərzində 107 ölkədən müxtəlif növ qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə dair məhsullar idxal olunub. İdxal zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Yoxlamalar zamanı tərkibində qadağan edilən maddə aşkar olunan energetik içkilər, uyğunsuzluq aşkar edilən uşaq qidası, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilmiş ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. 7 müxtəlif ölkənin 19 istehsalçı müəssisəsindən Azərbaycan Respublikasına məhsul idxalına qadağa tətbiq olunub. Görülən məqsədyönlü işlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir. 2025-ci ildə idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla 1 milyon tona yaxın bitkiçilik, 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsullarına nəzarət beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilərək ixracı təşkil edilib. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faizdən çox artıb və rekord həcmdə, 187,5 min ton xurma məhsulu idxalçı ölkənin tələblərinə uyğunlaşdırmaqla ixrac edilib. Avropa İttifaqı ölkələrinə kürü məhsulunun ixracı üçün icazənin davamlılığı təmin edilib, akvakulturada yetişdirilən balıqların ölkəmizdən Avropa İttifaqına ixracına dair müvafiq icazə alınıb və balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmizin quş qripi xəstəliyindən azad statusu qorunduğu üçün ABŞ və BƏƏ də daxil olmaqla bir sıra ölkələrə, ümumilikdə 90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub. Balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması üçün intensiv işlər davam etdirilir. Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badam üçün ixrac icazələri alınıb. 2025-ci il 20 oktyabr tarixində Agentliyin Çinin CIFER (Çinə Qida Məhsulları İdxal edən Müəssisələrin Qeydiyyatı Sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və Agentliyə giriş məlumatları təqdim edilib. Ölkəmizdən İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və bir sıra digər məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. AQTA-nın sədr müavini bildirib ki, qida təhlükəsizliyi dövlət, sahibkar və istehlakçı arasında qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulan sistemdir. Bu sistemin effektivliyi hər üç tərəfin məsuliyyətli davranışından asılıdır. Burada sahibkarların da üzərinə xüsusi məsuliyyət düşür. Sahibkarlar məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə diqqət yetirməklə yanaşı, beynəlxalq ticarət tələblərini nəzərə alaraq, xüsusilə qablaşdırma, etiketlənmə və daşınma şərtlərinə ciddi şəkildə əməl etməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev isə bildirib ki, ötən il AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da metodların sayı 990-a çatıb. Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib. Əli Nəbiyev bildirib ki, 2025-ci ildə "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Ümumilikdə 401 zərərçəkən qeydə alınsa da ölüm faktı olmayıb. Təhlillərə görə zəhərlənmələrin 65%-i məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub. Ə. Nəbiyev xüsusi olaraq vurğulayıb ki, bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. Diqqətə alınmalıdır ki, qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər. AQTİ-nin İdarə heyətinin sədri Əli Nəbiyev bildirib ki, 2025-ci ildə AQTİ-nin "Halal" uyğunluq sertifikatlaşdırması genişləndirilib, ölkədə ilk dəfə tətbiq edilən "Ulduz-reytinq" layihəsi çərçivəsində isə artıq 3 restoran (Manqal, Dukkan, Çinar) "5 ulduz" sertifikatına layiq görülüb. AQTA və AQTİ ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər” standartı üzrə sertifikatla təltif olunub. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) 15 yeni funksionallıq istifadəyə verilib. İdentikləşdirilmiş heyvanların sayında isə 26.2% artım müşahidə olunub və bu günə qədər HİQS-də 869 773 baş heyvan qeydiyyata alınıb. Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Giriş