Məktəblilər arasında sağlam qidalanmanın təşviqi davam etdirilir
4 Mart 2022 11:05


Məktəblilər arasında sağlam qidalanmanın təşviqini nəzərdə tutan “Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində təlimlər davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti təlim “Qida məhsulu alarkən, saxlayarkən və istifadə edərkən nələrə diqqət etməliyik?” mövzusuna həsr olunub.
Təlimdə mövzuya aid geniş təqdimat nümayiş etdirilib, istehlakçıların qida məhsulu seçərkən etiket məlumatlarında nəzər yetirməli olduqları əsas məqamlar diqqətə çatdırılıb. Eyni zamanda qidalar, o cümlədən ət və ət məhsulları, balıq məhsulları, yumurta, süd və süd məhsulları, quru meyvələr, həmçinin enerji içkilərinin alınması, saxlanması və istehlakı zamanı vacib olan digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, AQTİ tərəfindən reallaşan və sağlam qidalanma vərdişlərini aşılayan layihə UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılar fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
