Məktəblilərə sağlam qidalanma ilə bağlı hazırlanmış çap materialları təqdim olunub
4 Aprel 2022 12:58
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində məktəblilərlə görüşlərin təşkilini davam etdirir.
Məktəbdaxili düzgün qidalanmanın təşviqinə yönələn layihə AQTİ ilə yanaşı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir. Görüşlər məktəblilər üçün hazırlanmış təbliğat materiallarının ilkin versiyası ilə tanışlıq, şagirdlərin mülahizə, düşüncə və baxışları əsasında tələb və təkliflərin müəyyənləşdirilməsi, aparılan fikir mübadiləsinin nəticəsi olaraq, gələcək nəşrlərdə ümumiləşmiş rəylərin nəzərə alınması məqsədi daşıyır.
Bu istiqamətdə növbəti görüş Xırdalan şəhər 2 saylı tam orta məktəbdə təşkil edilib. Müxtəlif yaş qruplarını təmsil edən məktəblilər UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ilkin versiyada hazırlanmış çap materialları ilə tanış olublar. Daha sonra şagirdlər bukletlərlə bağlı fikir və mülahizələrini bildirib, təkliflərini irəli sürüblər.
Oxşar xəbərlər
Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Göyçay rayonunda yerləşən, fiziki şəxs Qəribov Məhəmmədəli Mahmud oğluna məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Daha bir şirniyyat emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Hüseyn oğluna məxsus şirniyyat emalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların istehsal sahəsində saxlandığı aşkarlanıb. Satışdan geri qaytarılmış məhsulların (pryaniklər) üyüdülərək yenidən unlu qənnadı məmulatları istehsal edib satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhdudlaşdırıcı tədbirlər görülüb.
Qida təhlükəsizliyi tələblərinə əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən kafedə Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı kafenin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ tələblərin ciddi şəkildə pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.