“Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində növbəti görüş keçirilib
17 Mart 2022 14:04
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində paytaxtın ümumtəhsil müəssisələrində məktəblilərlə görüşlərə başlayıb. Məktəbdaxili qidalanma ilə bağlı bütün maraqlı tərəfləri birləşdirən layihə AQTİ ilə yanaşı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.
Layihə çərçivəsində təşkil olunan görüşlərin məqsədi məktəblilər üçün hazırlanmış təbliğat materiallarının ilkin versiyası ilə tanışlıq, şagirdlərin mülahizə, düşüncə və baxışları əsasında tələb və təkliflərin müəyyənləşdirilməsi, aparılan fikir mübadiləsinin nəticəsi olaraq, gələcək nəşrlərdə ümumiləşmiş rəylərin nəzərə alınmasıdır.
Bu istiqamətdə ilk görüş paytaxtın 252 saylı məktəb-liseyində təşkil edilib. Müxtəlif yaş qruplarını təmsil edən məktəblilər UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ilkin versiyada hazırlanmış çap materialları ilə tanış olublar. AQTİ mütəxəssisləri məktəblilərə nəşr materialları, nəşrin məqsədi və əhatə dairəsi haqda ətraflı məlumat veriblər. Bildirilib ki, uşaqlara düzgün qidalanma vərdişlərinin aşılanması və sağlamlığın təşviqini əks etdirən bukletlər qida təhlükəsizliyi, COVID-19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri mövzularına həsr olunub.
Daha sonra şagirdlər bukletlərdə yer almasını istədikləri məlumatlarla bağlı mülahizələrini bildirib, təkliflərini irəli sürüblər.
Qeyd edək ki, gələcəkdə məktəblilərə paylanması üçün hazırlanan bukletlərin onların rəy və təklifləri əsasında yenidən nəşr olunması nəzərdə tutulur. Bu məqsədlə təhsilalanların fikir və düşüncələrinə xüsusi əhəmiyyət verən AQTİ görüşlərin paytaxtın digər ümumtəhsil müəssisələrində də davam etdirilməsini planlaşdırır. Bukletlərin hazırlanması və məktəblilərin maarifləndirici çap materialları ilə təmin olunması ümumilikdə məktəblərdə göstərilən iaşə xidmətinin günün tələbləri çərçivəsində yenidən qurulması, qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş