“Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində növbəti təlim keçirilib
10 Mart 2022 14:08


“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə baş tutan növbəti təlim sayca 4-cüdür.
AQTİ mütəxəssisləri tərəfindən tədris olunan təlim bu dəfə “Şəxsi gigiyena qaydaları – COVID-19 və qidalanma” mövzusuna həsr edilib. Təlimdə istehsalat müəssisələrinin mətbəx çalışanları üçün şəxsi gigiyena normaları, o cümlədən sağlamlığın qorunması və möhkəmləndirilməsinə xidmət edən gündəlik gigiyenik ehtiyaclar, mədəni-gigiyenik vərdişlər haqqında ətraflı məlumat verilib, bu qaydalara riayət olunmadığı halda orqanizm üçün yarana biləcək risklər təfərrüatı ilə izah olunub. Bundan başqa, təlimdə məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının daşınması, qəbulu, saxlanması və realizə edilməsi zamanı koronavirusun profilaktikasına dair metodiki göstərişlər layihə iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün nəzərdə tutulan pilot layihədə ilkin mərhələdə 30 nəfər iştirak edir. Təlimlərin sonunda iştirakçılar arasında keçiriləcək və bu imtahanı uğurla başa vuranlar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunacaqlar. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
