Milli Referens Laboratoriyası taxıl məhsullarında polyar pestisidlərin qalıq miqdarının təyini üzrə yüksək nəticə əldə edib
25 Yanvar 2023 12:33


Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası taxıl məhsullarında polyar pestisidlərin qalıq miqdarının təyini parametri üzrə İngiltərənin “FAPAS” sirkəti tərəfindən təşkil olunan səriştəlilik sınağına qatılıb və uğurlu nəticə əldə edib. Sınaqlar yüksək həssaslığa malik olan “LC-MS/MS” cihazında beynəlxalq metoda əsasən aparılıb.
Qeyd edək ki, Milli Referens Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun milli akkreditasiyadan və Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib. Laboratoriya ötən müddətdə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və Polşada 50-dən çox göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək böyük müvəffəqiyyət qazanıb.
Milli Referens Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini üzrə müayinələri həyata keçirilir. Sınaqları və analitik testləri xaricdə və ya ölkəmizə dəvət olunmuş əcnəbi mütəxəssislərdən təlim almış personallar milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq aparır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
