Mingəçevirdə qarğıdalı çubuqları emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
20 Fevral 2026 17:55
Xəbər verildiyi kimi, Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar davam etdirilir.
Agentliyin əməkdaşları tərəfindən ilkin olaraq məktəbin bufetində, daha sonra isə uşaqların qəbul etdiyi “Elcan” əmtəə nişanlı qarğıdalı çubuqlarının emal olunduğu müəssisədə yoxlama tədbirləri həyata keçirilib.
Məktəb bufetində aparılan baxış zamanı eyni adlı məhsulların bir qisminin üzərində etiket məlumatlarının aydın və oxunaqlı şəkildə qeyd edilmədiyi, bəzi məhsulların isə son istifadə tarixinin bitməsinə baxmayaraq satış stendində saxlanıldığı müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqlar nəzərə alınaraq məktəb bufetinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qarğıdalı çubuqlarının istehsalı ilə məşğul olan müəssisəyə baxış zamanı isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkar olunub. Bununla yanaşı xammalın saxlanılması, məhsulun emalı, qablaşdırılması və digər proseslərin sanitar-gigiyenik tələblərə riayət edilmədən eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, çirkli və paslanmış avadanlıqların qida məhsulları ilə birgə saxlanıldığı, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi müəyyən olunub. Yoxlama zamanı istehsal prosesində mənşəyi məlum olmayan qida əlavələrindən və rəngləyicilərdən istifadə edildiyi də aşkar edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, rəhbəri barəsində inzibati protokol tərtib edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qarğıdalı çubuqlarından, eləcə də istehsal prosesində istifadə edilən xammallardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
Məktəbli uşaq üçün sağlam qida seçimi necə olmalıdır?
Məktəb dövrü uşağın həm fiziki, həm də zehni inkişafının ən aktiv mərhələsidir. Günün böyük hissəsini məktəbdə keçirən uşağın diqqətini cəmləməsi, dərsdə fəal olması və tez yorulmaması birbaşa onun nə ilə qidalanmasından asılıdır. Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri kimi seçimlər uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır. Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır. Ona görə, qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik sağlam seçimlər ola bilər. Dilimlənmiş pomidor, xiyar, kök, alma, banan və ya giləmeyvələri isə uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir. Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya xurma, ərik kimi qurudulmuş meyvələr Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır. Yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici edin. Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Çantaya mütləq kiçik bir şüşədə sadə su qoyun. Unutmayaq ki, sağlam qidalanan uşaq — daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir.
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb. Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb. Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər. Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib. Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir. AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir. İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir. AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir. Link
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş