Moskvada AQTA sədri ilə “Rosselxoznadzor”un rəhbəri arasında görüş keçirilib
12 İyul 2024 09:26
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib.
Səfər çərçivəsində AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb.
Görüş zamanı qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində, həmçinin cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiyanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aparılan müzakirələrdə bitki karantini və mühafizəsi, baytarlıq və fitosanitar nəzarəti, transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahələrində əməkdaşlığa dair saziş və anlaşma memorandumları diqqət mərkəzində olub.
AQTA sədri Q.Təhməzli iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində həyata keçirilən tədbirləri və onların əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb. O cümlədən transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb. Bu sahədə əlaqələrin gücləndirilməsinin və bioloji təhlükəsizliyin təmin olunmasının vacibliyini önə çəkib.
S.Dankvert AQTA ilə “Rosselxoznadzor” arasında inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. İki ölkə arasında qida təhlükəsizliyi sahəsində fəaliyyətlərin daha səmərəli təşkilinin və münasibətlərin genişləndirilməsinin Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artmasına və bu prosesə operativ nəzarətin təmin olunmasına gətirib çıxardığını diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq əldə edilən nailiyyətlərə də toxunulub. İlk növbədə iki ölkə arasında qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliliyinin tanınması və yüksək riskli qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin qeydiyyatı ilə bağlı əməkdaşlığın genişləndirildiyi bildirilib. Həmçinin Agentlik sədri ilə “Rosselxoznadzor”un rəhbərinin görüşünün nəticəsi olaraq ölkəmizdə istehsal olunan yüksək riskli qida məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı razılaşma əldə olunub.
O cümlədən görüş zamanı Naxçıvan Muxtar Respublikasında istehsal edilən yüksək riskli qida məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Muxtar Respublikada istehsal olunan bu məhsulların Rusiya Federasiyasına ixracı ilə bağlı ümumi razılıq əldə edilib. Bu isə Naxçıvan Muxtar Respublikasında qida sahəsində fəaliyyət göstərən müəssisələrin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, qida sənayesinin inkişafına geniş imkanlar yaradacaq.
Q.Təhməzli Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Rusiya Federasiyasının bir sıra institutları və elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb. Belə ki, AQTİ ilə Rusiyanın “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”i (”VNİİZJ”) arasında əməkdaşlıq çərçivəsində sərhədyanı ölkələrdə təhlükəli heyvan xəstəlikləri üzrə epizootik sabitliyin təmin olunması üçün xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı epizootoloji monitorinqlərin təşkili, dabaq və quduzluq xəstəliklərinə qarşı nəzarət proqramının hazırlanması, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı elmi risk qiymətləndirilməsinin aparılması və s. sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Bu məqsədlə təşkil olunmuş təlimlərdə İnstitutun əməkdaşlarının iştirakı təmin edilib, eyni zamanda İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyası “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”in təşkil etdiyi dabaq xəstəliyi üzrə səriştəlilik sınaqlarında uğurla iştirak edib.
Məmnuniyyətlə qeyd olunub ki, müvafiq institutlar arasında əməkdaşlıq çərçivəsində yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə, heyvan və insan sağlamlığının qorunması üçün birgə elmi-praktiki seminarların və təlimlərin təşkili, qida təhlükəsizliyi və epizootoloji vəziyyət, eyni zamanda ölkələrdə qüvvədə olan mövcud qanunvericilik aktları haqqında məlumat mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası əldə olunan nailiyyətləri daha da genişləndirəcək.
Bildirilib ki, heyvan xəstəliklərinə qarşı Rusiya istehsalı olan 74 vaksin nümunəsi ölkəmizdə laborator müayinələrə cəlb edilib və uyğunluğu öz təsdiqini tapıb. Agentlik sədri sərhədyanı ərazilərdə dabaq xəstəliyinə qarşı heyvanların peyvəndlənməsi üçün Rusiya Federasiyası tərəfindən SAT-2 vaksinlərinin ölkəmizə hədiyyə edilməsi ilə bağlı təklifinə, həmçinin iki qurum arasında əməkdaşlığın inkişafında göstərdiyi səylərə və əməli fəaliyyətə görə "Rosselxoznadzor"un rəhbəri S.Dankvertə minnətdarlığını ifadə edib, görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağını bildirib. Bundan sonra da qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyini diqqətə çatdırıb.
Görüş zamanı Q.Təhməzli Rusiya Federasiyasının yeni kənd təsərrüfatı naziri Oksana Lutun təyinatının qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzulayıb.
"Rosselxoznadzor"un rəhbəri iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirərək müvafiq sahələrdə görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər
Cəlilabadda çiyələk təsərrüfatında monitorinq keçirilib - Video
Ölkədə bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər həyata keçirilir. Bitkiçilik məhsullarının, o cümlədən çiyələyin təhlükəsizliyinə nəzarət istehsaldan son istehlak mərhələsinədək bütün zəncir üzrə təmin olunur. Bu çərçivədə təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin tətbiqi, saxlanması və istifadəsinə nəzarət edilir, risk əsaslı yanaşma əsasında məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan görüntü dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Təsərrüfatda mövcud olan çiyələk məhsullarından, eləcə də istifadə edilən preparatlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda, təsərrüfat sahibi ilə maarifləndirici söhbət aparılıb, bitki mühafizə vasitələrinin düzgün tətbiqi, normativ tələblərə riayət olunması və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq izahatlar verilib. Laborator sınaqların nəticələri yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ətraflı: https://youtu.be/8t_KAv-LCDg
Balın təbiiliyi necə müəyyən olunur? - Video
Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir. Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir. Eyni zamanda, arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın təhlükəsizliyini təmin edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik baxımından tövsiyə olunmur. Ətraflı:
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Vəliyev Elvin Yaşar oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Giriş