Nizami rayonunda nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
27 İyul 2023 10:14

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, M. Şərifli küçəsi, ev 1B ünvanında fəaliyyət göstərən fiziki şəxs Fətəliyev Samir Həzi oğluna məxsus “Suel” əmtəə nişanlı içməli suyun emalı və qablaşdırılması müəssisəsində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən sular) filtrdən keçirilərək qablaşdırıldığı aşkarlanıb. Həmçinin, müəssisədə təkrar istifadə üçün nəzərdə tutulan qablaşdırma materialarının yuyulub-təmizlənməsinin, suyun qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi, qablaşdırma materiallarının saxlanması üçün müvafiq sahənin ayrılmadığı, emal olunmuş məhsullara dair etiket məlumatlarının dolğun qeyd olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
