Nizami rayonunda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması ilə bağlı reyd keçirilib
30 Sentyabr 2019 16:30






“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.
AQTA əməkdaşları Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsində qanunsuz heyvan kəsiminin qarşısını almaq məqsədi ilə reydlər keçiriblər. Reydlərdə Nizami Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.
Reyd zamanı qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Korça və Tirana bölgələrində xırdabuynuzlu heyvanların taunu, Rumıniyanın Teleorman inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Kamboca Krallığının Pursat əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri ev və diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, habelə tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyət nəzarətdə saxlanılır - VİDEOMƏLUMAT
AQTA biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Agentlik sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı məlumatları mütəmadi olaraq təqdim edəcək.
