Nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
3 İyul 2023 17:03








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, S. Əhmədov küçəsi, ev 5D ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.
