Norma və qaydalara cavab verməyən enerji içkilərinin idxalı və istehsalı qadağandır
12 Oktyabr 2021 15:07
Məlum olduğu kimi, 2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə enerji içkilərinin minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyi həmin məhsulların qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və istehsalında istifadə olunan xammal və materiallara dair tələbləri əks etdirən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” ilə tənzimlənir.
Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda, həmin içkilər də enerji içkisi sayılır.
Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir. Təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilər, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilər bura şamil olunmur. Həmçinin tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulub.
Bununla bağlı olaraq, Agentlik öz funksional vəzifə səlahiyyətləri çərçivəsində monitorinqlər, yoxlama nəzarət tədbirləri həyata keçirir. Vətəndaşlar bu sahədə hər hansı çatışmazlıqlarla rastlaşdıqda Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş