Novxanıda fəaliyyət göstərən ictimai iaşə obyektində ciddi pozuntular aşkar edilib
22 Avqust 2023 18:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Novxanı kəndi, ev.709Z M.0 ünvanında yerləşən “Spring Hall” MMC-yə məxsus otelin həyətyanı sahəsində fəaliyyət göstərən mətbəxdə plandankənar yoxlama həyata keçirib. Yoxlama sözügedən mətbəxdə hazırlanan toyuqlu pizzanı qəbul etdikdən sonra 2-si böyük, 4-ü uşaq olmaqla, 6 nəfərin qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilməsi ilə bağlı Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AQTA-nın “1003-Çağrı Mərkəzi”nə daxil olan təcili bildiriş əsasında aparılıb.
Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, dondurucuda yararlılıq müddəti bitmiş, eyni zamanda temperatur rejiminə əməl olunmadan saxlanılan qida məhsulları aşkarlanıb. Həmçinin qida obyektində təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, soyuducu və dondurucularda mal qonşuluğu prinsiplərinin pozulduğu müəyyən edilib. Bununla yanaşı, işçilərin gigiyenik təlimlərə cəlb edilməsinə dair sənədlər və onların ilkin və dövri tibbi müayinələrdən keçməsi ilə bağlı tibbi arayışlar yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması üçün bir sıra məhsul nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, qaynadılmış-didilmiş toyuq filesi məhsulu texniki normativ sənədlərin tələblərinə uyğun olmayıb. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş