Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür
16 Oktyabr 2026 11:21
Ümumdünya Qida Günü 1945-ci il oktyabrın 16-da təsis edilib. Bu gün, həmçinin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranması günü kimi qeyd olunur.
Ümumdünya Qida Günü ilə əlaqədar müzakirələr qlobal miqyasda aclığın aradan qaldırılması və dayanıqlı qida sistemlərinin inkişaf etdirilməsi zərurəti fonunda getdikcə daha da aktuallaşır. Bu mühüm gün 2026-cı ildə "Bu gün innovasiya et, sabahı qidalandır” mövzusunda qeyd olunur. FAO tərəfindən seçilən bu mövzu qlobal aclığa son qoymaq və aqrar-ərzaq sistemlərini yenidən qurmaq üçün elm, texnologiya, rəqəmsal innovasiyalar və yerli biliklərin birləşdirilməsinin vacibliyini vurğulayır.
Azərbaycanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla, qida zəncirinin bütün mərhələlərində risklərin idarə olunması, nəzarət və monitorinq tədbirlərinin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, laboratoriya imkanlarının genişləndirilməsi və sahibkarlarla istehlakçıların məlumatlılığının artırılması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Hazırda qida təhlükəsizliyinə nəzarətdə risk əsaslı yanaşmanın tətbiqi, qida məhsullarının ilkin istehsal mərhələsindən istehlakçıya çatdırılanadək izlənilməsi, qida obyektlərində təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət, laboratoriya müayinələrinin aparılması və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması əsas istiqamətlərdəndir. İstehlakçıların məlumatlandırılması və maarifləndirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilir.
Son dövrdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və qida zəncirində risklərin daha səmərəli idarə olunması istiqamətində mühüm işlər görülüb. Bu tədbirlər əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunmasına, qida təhlükəsizliyi sisteminin davamlı inkişafına və istehlakçı hüquqlarının qorunmasına xidmət edir. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” uğurla tamamlanaraq, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib.
İqlim dəyişmələri, su qıtlığı, qloballaşan dünyada qida təchizatı zəncirinin mürəkkəbləşməsi, yeni texnologiyaların tətbiqi qida təhlükəsizliyi sistemləri qarşısında yeni çağırışlar formalaşdırır. Qida təchizatı zəncirinin mürəkkəbləşməsi təhlükələrin vaxtında müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasına daha müasir və çevik yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışlar nəzərə alınaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi, erkən xəbərdarlıq və rəqəmsal izlənilmə sistemlərinin inkişafı prioritet istiqamət olacaq. Proqram çərçivəsində qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, dövlət informasiya sistemləri arasında inteqrasiyanın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqinin təkmilləşdirilməsi planlaşdırılır.
Bununla yanaşı, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) məlumatların təhlili üçün süni intellekt modelinin hazırlanması, sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi, laboratoriya imkanlarının artırılması və yeni analitik metodların tətbiqi nəzərdə tutulur. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin genişləndirilməsi də qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olacaq.
Beləliklə, qarşıdakı dövrdə əsas məqsəd yaranan yeni riskləri qabaqlamaq, qida zəncirinin bütün mərhələlərində nəzarətin səmərəliliyini artırmaq, müasir texnologiyalardan istifadə etməklə risklərin daha erkən müəyyənləşdirilməsini təmin etmək və əhalinin təhlükəsiz qida ilə davamlı təminatını gücləndirməkdir.
Oxşar xəbərlər
EPPO-nun Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib
Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Görüşdə pestisidlərin səmərəliliyinin qiymətləndirilməsində dronlardan, multispektral kameralardan və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə olunub. İclasda rəqəmsal texnologiyaların tətbiqinə dair materialların ekspert rəyləri əsasında təkmilləşdirilməsi və EPPO-nun müvafiq ekspert qruplarına təqdim olunması planlaşdırılıb.
ADA Universitetində Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib. FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir. Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib. Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Sumqayıt şəhərində, Xaçmaz və Yardımlı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Giriş