Ölkəmizdə epizootoloji vəziyyət sabitdir
27 İyul 2026 16:42
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın təbiət ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər respublikanın 55 rayon və şəhərini (Naxçıvan Muxtar Respublikası daxil) əhatə edən 37 təbiət ərazisində, o cümlədən milli parklar, dövlət təbiət qoruqları, ovçuluq təsərrüfatlarında həyata keçirilib.
Tədbirlərdə AQTA-nın, KTN yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin müvafiq ərazi bölmələrinin əməkdaşları iştirak edib.
Monitorinqlər zamanı ümumilikdə 3 223 baş müxtəlif növ vəhşi heyvanın müşahidəsi aparılıb.
Nəticələrə əsasən, xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəliklərinin mövcudluğunu ehtimal etdirən hər hansı epizootoloji göstərici müəyyən edilməyib. Bu, hədəf xəstəliklər üzrə epizootoloji vəziyyətin sabit olduğunu göstərir.
Oxşar xəbərlər
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb. Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb. Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər. Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib. Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir. AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir. İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir. AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir. Link
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır. Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş