Ölkəmizdə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir
21 Fevral 2024 09:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərinin cəlb olunması ilə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən tədbirlərin davamı kimi, AQTA-nın təşəbbüsü ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Ağdam rayonunun İmamqulubəyli kəndində “model müəssisə” prinsipi əsasında yeni qurulmuş heyvan kəsimi məntəqəsinin açılışı olub.
Bildirilib ki, məntəqədə hər gün 12-15 baş iribuynuzlu və 20-25 baş xırdabuynuzlu heyvanın kəsimini həyata keçirməkdən ötrü hər cür şərait yaradılıb. Məntəqədə texnoloji ardıcıllıq gözlənilir və çarpaz çirklənmə mövcud deyil. Diri heyvanların, həmçinin hazır məhsulun gətirilməsi və aparılması üçün ayrı-ayrı qapılar qoyulub. Cəmdəklərin və subməhsulların çirklənməsinin qarşısının alınması məqsədilə kəsilmiş heyvanların mədə və dərilərinin təmizlənməsindən ötrü otaqlar ayrılıb. Baytarlıq-sanitariya ekspertizasını həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz edilmiş həkim otağı mövcuddur. Məntəqə dezinfeksiya işlərinin mütəmadi olaraq aparılmasından ötrü avadanlıq və dezinfektantlarla təhciz edilib.
AQTA ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün mütəmadi olaraq monitorinqlər həyata keçirir, bu istiqamətində yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.