Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
19 May 2025 16:43
AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb.
Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və s. tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq.
Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.
Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.
Oxşar xəbərlər
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında evdə hazırlanan konservlərin mağazadan alınan konservlərdən daha təhlükəsiz olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. Bildirilib ki, konservin təhlükəsizliyi onun harada hazırlanmasından deyil, düzgün emal edilməsindən, qablaşdırılmasından və müvafiq şəraitdə saxlanmasından asılıdır. Evdə hazırlanan konservin tərkibini bilmək onun təhlükəsizliyinə zəmanət vermir. Düzgün emal edilməyən məhsullarda Clostridium botulinum bakteriyasının toksini əmələ gələ bilər. Bu toksinin səbəb olduğu botulizm nadir, lakin həyati təhlükəli xəstəlikdir. Xüsusilə ət, balıq, quş əti və zəif turşulu tərəvəzlərdən hazırlanan konservlərdə təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Belə məhsulların otaq temperaturunda təhlükəsiz saxlanması üçün yalnız bankaların qaynadılması və ya qapağın kip bağlanması kifayət etmir. Məhsula uyğun, elmi cəhətdən sınaqdan keçirilmiş reseptə və düzgün istilik emalı qaydalarına əməl olunmalıdır. Konserv seçərkən etiketdəki məlumatlara, yararlılıq müddətinə, qablaşdırmanın bütövlüyünə və saxlanma göstərişlərinə diqqət yetirmək tövsiyə olunur. Qapağı şişmiş, sızan və ya ciddi zədələnmiş qabların içindəkini istehlak etmək olmaz. Şübhəli məhsulun dadına baxmaq da təhlükəlidir, çünki botulinum toksini məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən mövcud ola bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş