Ölkəmizə idxal edilən hind quşu dərisi məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb
19 İyun 2021 11:15


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən “Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və “Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 14-18 aprel tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Ağdaş, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Lənkəranda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən, fiziki şəxs Dadaşova Mətanət Xani qızına məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

“Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənəbilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.
