“Peşəkarlarla görüş” saatında heyvan və quş kəsimi məntəqələrinin quruluşuna dair tələblər müzakirə olunub
22 Sentyabr 2021 11:20
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində keçirilən budəfəki “Peşəkarlarla görüş” saatında “Heyvan kəsimi məntəqələrinin quruluşu, texnoloji proseslər və risk nöqtələri” mövzusu müzakirə olunub.
Videobağlantı formatında keçirilmiş görüşdə AQTİ-nin Baytarlıq-sanitariya ekspertizası işinin təşkili şöbəsinin müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Mehriban Bağırova bildirib ki, kəsim məntəqələri heyvan kəsiminin, həmçinin insan qidası üçün yararlı ətin ilkin emalının həyata keçirildiyi məkan olduğundan xüsusi baytarlıq-sanitariya, sanitariya-gigiyena, eləcə də müasir tələblərə uyğunlaşdırılması vacibdir. Emal hər bir heyvanın növünə uyğun və müəyyən ardıcıllıqla aparılmalıdır. Belə ki, iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi kəsimdən qabaq saxlanma, kəsim, toplanma, bağırsaqların təmizlənməsi, ətin doğranması və qablaşdırılması, ətin soyudulması, yükləmə bölməsindən ibarət olmalıdır. M. Bağırova bildirib ki, kəsimdən qabaq saxlanma bölməsində kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilməlidir. Kəsim bölməsi isə “çirkli zona” (qanın axıdılması, dərinin soyulması) ilə “təmiz zona”nın (daxili orqanların çıxarılması, cəmdəyin parçalanması) ayrıldığı məkandır. Burada su ilə yuyula bilən tullantıların axıdılıb, təmizlənməsi üçün münasib şərait yaradılır. Daha sonra təyinatından asılı olaraq subməhsullar və heyvan mənşəli əlavə məhsullar ayrı şəkildə toplanaraq bağırsaqların təmizlənməsi və ətin doğranıb qablaşdırılması bölməsinə yönləndirilir. Ət və ət məhsullarının keyfiyyətli saxlanılması üçün düzgün temperaturda və şəraitdə soyudulub, dondurulması şərtdir. Ona görə də ətin soyudulması bölməsində cəmdəklərin temperatur, hava cərəyanının sürəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddəti ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Ət soyuducu və ya soyuducu kamerada +4° C-yə qədər soyudulmalı, dərin dondurucularda isə -18° C-də dondurulmalıdır. Subməhsullar da xüsusi ayrılmış soyuducu və ya soyuducu kamerada mümkün qədər tez soyudulub, saxlanmalıdır.
Quşların da emalı müəyyən ardıcıllıqla aparılmalıdır. Belə ki, quşların emalında texnoloji prosesin gedişi bir neçə bölmədə həyata keçirilir: Kəsimdən qabaq saxlanma bölməsi - Qəbul bölməsi - Keyləşdirmə və qansızlaşdırma bölməsi - Qaynar su ilə pörtlətmə və tüklərin təmizlənməsi bölməsi - İçalatın təmizlənməsi bölməsi - Ətin doğranması və qablaşdırılması bölməsi - Ətin soyudulması bölməsi - Yükləmə bölməsi. Bildirilib ki, kəsimə qəbul edilmiş quşların keyləşdirilməsi üçün tövsiyə olunan üsul elektroşokdan istifadədir. Belə ki, elektroşok avadanlıqları quşların növü və çəkisinə müvafiq olan elektrik cərəyanının gücü və gərginliyini tənzimləyən sistemlə təmin olunur. Keyləşdirilmiş quşlar dərhal qansızlaşdırılmalıdır. Qaynar su ilə pörtlətmə və tüklərin təmizlənməsi bölməsində kəsilmiş quşların buxar istiliyi olan konteynerə salınaraq və ya qaynar su ilə pörtlədilərək tükləri yolunur, digər bölmədə isə tükdən təmizlənmiş quşların boyun dərisinin kəsilməsindən cəmdəyin son işlənməsinədək olan təmizlənmə əməliyyatı həyata keçirilir. Ayrı-ayrı hissələrə bölünüb, qablaşdırılmış məhsul müvafiq temperaturda və şəraitdə mütləq soyudulmalı və ya dondurulmalıdır.
Heyvan və quş kəsimində istifadə olunan ləvazimatların təmizliyi də şərtdir. Həmçinin hər iş gününün sonunda kəsim məntəqəsində dezinfeksiya işləri aparılmalıdır. Belə ki, sanitariya-gigiyena tələbləri gözlənilmədən kəsilən heyvanın və ya quşun əti xəstəlik mənbəyinə çevrilə bilər. Odur ki, qida təhlükəsizliyinin təmin edilməsi baxımından, yoluxucu və qida mənşəli xəstəliklərdən qorunmaq üçün istər heyvan, istərsə də quş kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə mütləq ciddi riayət olunmalıdır. Kəsim zamanı isə heyvanlarla kobud davranmamaq və onların rifahının gözlənilməsi də mühüm tələbdir.
Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Təhlükəsizliyi Anlayışının Tətbiqi layihəsinin üstünlükləri barədə də məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
İnteraktiv formada keçirilmiş görüşün sonunda heyvan kəsimi məntəqələrinin və quşçuluq təsərrüfatı sahiblərini maraqlandıran suallar AQTA və AQTİ-nin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.
Oxşar xəbərlər

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.