“Peşəkarlarla görüş” saatında qida sənayesində kimyəvi vasitələrdən təhlükəsiz istifadə qaydaları müzakirə olunub
8 May 2021 16:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində budəfəki “Peşəkarlarla görüş” saatında “Qida sənayesi müəssisələrində MSDS təlimatı və təmizlik heyəti üçün kimyəvi vasitələrdən istifadə qaydaları” mövzusu müzakirə olunub.
Görüş iştirakçılarına kimyəvi vasitələrin potensial təhlükəsi, onlardan istifadə zamanı təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hər bir kimyəvi maddənin MSDS (Material Safety Data Sheet) təlimatını diqqətlə oxumaq şərtdir. İstehsalçı tərəfindən hazırlanan bu MSDS təlimatında məhsulun tərkibi, toksikilik səviyyəsi, istifadə qaydaları ilə bağlı məlumatlar əksini tapır. Bu məlumatları oxumaqla, məhsulun təhlükəsindən agah olmaqla iş yerlərində kimyəvi dərmanların mümkün təhlükəsindən qorunmaq olar. Kimyəvi vasitənin təhlükəsizlik məlumatları üzrə təlimatında məhsuldan düzgün istifadə etməyin qaydası ilə yanaşı, tövsiyələrə əməl olunmadığı təqdirdə baş verə biləcək hallar, təhlükə yarandığı halda atılacaq addımlar, kimyəvi zəhərlənməyə məruzqalma zamanı davranış qaydaları barədə də məlumatlarla tanış olmaq vacibdir.
Görüş iştirakçılarına qida sahəsində fəaliyyət göstərən müəssisələrdə kimyəvi vasitələrin düzgün saxlanma qaydaları və şərtləri barədə də ətraflı məlumat verilib. İnteraktiv formada keçirilən görüşdə vurğulanıb ki, təsadüfi dağılmalar zamanı kimyəvi vasitənin ətraf mühitə və işçi heyətin sağlamlığına törədəcəyi təhlükənin qarşısını almaq üçün görüləcək tədbirləri, həmçinin yanğına səbəb olarsa, onunla mübarizə üsullarını, maddənin toksiki təsirinə məruzqalmadan mühafizə yollarını bilmək vacibdir. Kimyəvi vasitələrin istifadəsi zamanı müəssisənin təmizlik heyətinin fərdi mühafizə və digər gigiyenik vasitələrlə təmin olunmasının zəruriliyi barədə də müzakirələr aparılıb.
Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT layihəsinin üstünlüklərindən də bəhs olunub. Qeyd edilib ki, SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Videobağlantı formatda keçirilən görüşün sonunda kimyəvi məhsulların daşınması zamanı baş verə biləcək qəzalardan qorunmaq üçün sahibkarları maraqlandıran suallar da AQTİ-nin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş