Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
7 Aprel 2026 16:46
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir.
Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.
Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub.
Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir.
Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
Oxşar xəbərlər
FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində qida təhlükəsizliyinə nəzarət tədbirləri davam etdirilir
Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində tədbir iştirakçılarının təhlükəsiz qidalanmasının təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları idmançıların və tədbirə gələn qonaqların qidalanmasının təşkili ilə bağlı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edirlər. Nəzarət tədbirləri çərçivəsində mətbəx və yemək zallarında müvafiq yoxlamalar aparılır, hazırlanmış qidalardan laborator müayinələr üçün nümunələr götürülür. Ərazidə faaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə tədbir məkanlarında yerində müayinələr həyata keçirilir, qida təhlükəsizliyinin təmin olunması vəziyyəti qiymətləndirilir. Tədbir məkanlarında qida məhsullarının hazırlanması, saxlanılması şəraiti, sanitariya-gigiyena qaydalarına riayət olunması, eləcə də qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd yarış və festival iştirakçılarının sağlamlığının qorunması, onların təhlükəsiz qida məhsulları ilə təmin olunmasına nəzarətin gücləndirilməsidir. Daha ətraflı: https://youtu.be/KsuP8ToXDK8
Şəki–Zaqatala bölgəsində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə işləri aparılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizədə ictimai fəallığın artırılması məqsədilə bölgədəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına vurduğu zərər barədə məlumatlar verilir. Həmçinin zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılır. Bildirilir ki, qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərində, anbarlarda və digər tikililərdə toplaşır. Zərərverici aşkar edildikdə onun mexaniki üsulla toplanaraq məhv edilməsi, tikililərə daxil ola biləcəyi boşluqların bağlanması və digər profilaktik tədbirlərin görülməsi tövsiyə edilir.
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Giriş