Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir. Bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır. Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
Nəzarət tədbirləri çərçivəsində "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında müayinələr nəticəsində nümunələrdə salmonella aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar AQTA tərəfindən müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və "Qarabağ" FK cəmiyyətə vacib bir mesaj çatdırmaq üçün bir araya gəlib. "Gələcəyini buxar etmə!" adlı sosial çarx gənclər arasında geniş yayılmaqda olan veyp və elektron siqaret istifadəsinin fəsadlarına bir daha diqqət çəkmək məqsədi daşıyır. Çarxda veyp istifadə edən bir gəncin bu zərərli vərdişin onun həyatına necə təsir etdiyi nümayiş olunur. Gənc futbolçu Nəriman Axundzadə "Nəfəs almağı seç!" çağırışı ilə izləyicilərə sosial çarxın əsas mesajını ötürür. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür. Amma qeyd etmək lazımdır ki, veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotin yüksək dərəcədə asılılıq yaratmaqla yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsir göstərir. Parlaq rənglər, şirin meyvə dadları və sosial media reklamları son illərdə veyplərin xüsusi ilə gənclər arasında populyarlaşmasına səbəb olub. "Gələcəyini buxar etmə! Nəfəsini bitirənlə deyil, səni gücləndirənlə yaşa!" sloqanı ilə gəncləri bu zərərli vərdişdən çəkindirmək məqsədi daşıyan sosial çarx AQTA-nın sağlam həyat tərzinin təşviqi sahəsində həyata keçirdiyi maarifləndirici fəaliyyətin davamıdır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 17-si Şabranda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-13 iyun tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Zaqatala rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
Nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2100 kq yodlaşdırılmış duz məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu texniki normativ hüquqi akt respublika ərazisində istehsal edilən, emal edilən və ya idxal edilən ağıllı və aktiv material və məmulatlar da daxil olmaqla, Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilmiş material və məmulatlara dair tələbləri müəyyən edir. Müəyyən edilən tələblər qida məhsulunun bir hissəsini təşkil edən və onunla birlikdə istehlak edilə bilən, pendir qabıqları, istehlaka hazır ət məhsullarının və ya meyvələrin üzərində olan örtük materiallarına şamil olunmur. Sənəddə qida məhsulları ilə təmasda olan material və məmulatlara dair ümumi tələblər, aktiv və ağıllı, kağız əsaslı, metal əsaslı, şüşə material və məmulatlara dair xüsusi tələblər, etiketlənmə tələbləri və bu material və məmulatlara dair məhdudiyyətlər öz əksini tapıb. Qida ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli və qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır. Qeyd edək ki, “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı “Rosselxoznadzor” tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə müzakirələr aparılıb. Görüşdə ixrac zamanı məhsulların hər iki ölkənin fitosanitar tələblərinə uyğunluğu, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.
Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurası yaradılıb. Şuranın təsis olunması ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin tələbləri barədə dolğun məlumatlandırılması və onların bu sahədə həyata keçirilən islahatlara daha fəal cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məşvərət Şurasının ilk iclasında Şuranın qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində, bu sahədə qəbul edilən qərarların hazırlanması zamanı özəl sektor nümayəndələri ilə məsləhətləşmələrin aparılmasında, sahibkarların təklif və rəylərinin öyrənilməsində fəal iştirak edəcəyi vurğulanıb. Şura özəl sektor nümayəndələri, müvafiq dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislər arasında platforma rolunu oynayaraq qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək. İclas çərçivəsində AQTA tərəfindən həyata keçirilmiş islahatlar və əldə olunmuş nəticələrə dair təqdimat nümayiş etdirilib.
Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 28 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Manafov Şahin Əlibaba oğluna məxsus “Təzə Bazar”da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı, həmçinin ət məhsullarının daşınma qaydalarına riayət olunmadığı, qida məhsullarının saxlanması üçün kifayət qədər soyuducuların təmin edilmədiyi, süd məhsullarının uyğun temperaturda saxlanmadığı, ət və balıq məhsullarının soyuducudan kənar saxlandığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu qaydalar respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sözügedən tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur. Sənəddə eyni zamanda təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb. Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minəcək. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari
Giriş