Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yaqubov Nuru Adəm oğlunun İran İslam Respublikasından idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb. Laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllədə fəaliyyət göstərən "Fermerlər" MMC-yə məxsus "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" monitorinq aparılıb. Monitorinq zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları qeydə alınıb. Belə ki, bazarda satılan süd və süd məhsullarının, ət və ət məhsullarının vitrin soyuducularda saxlanılmadığı, satışa təqdim olunan ət hissələrinin asılması üçün nəzərdə tutulmuş qarmaqların paslanmayan materialdan təşkil edilmədiyi, bəzi tərəvəzçilik məhsullarının birbaşa döşəmə üzərində saxlandığı, satışda olan müxtəlif növ turşuların üzərində etiket məlumatlarının olmadığı aşkarlanıb. Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahibinə müvafiq göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, müsahibəyə hazırlıq, namizədlərin qiymətləndirilməsi meyarları və tələb olunan bacarıqlar haqqında ətraflı məlumat verilib. Bundan əlavə, müsahibə komissiyasının reqlamenti, tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri iştirakçıların diqqətinə çatdırılıb. Namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 375 nömrəli Qərarı ilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə bəzi dəyişikliklər edilib. Dəyişikliklərin arasında diqqətçəkən məqamlardan biri bioloji aktiv qida məhsullarının (BAQM) dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Nazirlik) tərəfindən aparılan ekspertiza rəyləri üçün sorğuların əvvəlki dövrlərdə olduğu kimi sahibkarlar tərəfindən deyil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) tərəfindən həmin dövlət orqanına göndərilməsi ilə bağlıdır. Belə ki, BAQM-in dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün Agentlik tərəfindən müvafiq sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində Nazirliyə ötürüləcək, Nazirliyin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi, habelə nümunələrin təqdim edilməsi barədə Agentliyə məlumat verildikdən sonra məhsula dair ekspertiza 15 iş günü müddətində həyata keçiriləcək və ekspertiza rəyi Nazirlik tərəfindən EHİS vasitəsilə Agentliyə ötürüləcək. Qeyd edirik ki, bu dəyişiklik “bir pəncərə” prinsipinə uyğun olaraq, sahibkarların bir məhsulun qeydiyyatı ilə əlaqədar bir neçə dövlət orqanı ilə bilavasitə əlaqə saxlaması zərurətinin tədricən aradan qalxmasına gətirib çıxaracaq. Digər dəyişikliklər, əsasən, qeydiyyat proseduru ilə bağlı icra müddətlərinin konkretləşdirilməsi, tələb olunan məlumat və sənədlərin dəqiqləşdirilməsi və sair ilə bağlıdır. Qərarla əlaqədar vacib məqamlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılaraq, “Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi Qaydası” adlandırılması və yeni redaksiyada təsdiq edilməsidir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı məlum olub. Şüşə butulkaların yuyulması, etiketlənməsi və saxlanması üçün sahənin ayrılmadığı aşkarlanıb. Məhsulların üzərində istehsalçı və istehsal ünvanı barədə yanlış məlumatların qeyd olunduğu, istifadə olunan qida əlavələrinin yararlılıq müddətinin bitdiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyənləşib. Eyni zamanda “Aqua Mineral” əmtəə nişanlı qablaşdırılmış qazsız suyun etiket məlumatlarının qeyd olunmadığı, “Vesyolıy Kruq” əmtəə nişanlı qazlı içkinin etiketində isə yanlış məlumatların bəyan edildiyi məlum olub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Serbiya Respublikasının Cənubi-Banat dairəsində blutanq xəstəliyi və Litva Respublikasının Mariyampol qəzasında, Niderland Krallığının Overeysel, Cənubi Hollandiya, Qroninqen, Limburq əyalətlərində, İraq Respublikasının Ənbar əyalətində, İrlandiya Respublikasının Kavan kantonunda, Hindistan Respublikasının Uttar-Pradeş, Uttarakxand ştatlarında, Fransa Respublikasının İl-de-Frans regionunda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kayman Adalarının Vest Bey şəhərində, Qvatemala Respublikasının San Marcos inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində reyd keçirib. Reyd zamanı 10-a yaxın ət satışı mağazasına baxış keçirilib. Sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, qanunsuz heyvan kəsimi və ət satışına qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz kəsim üçün quraşdırılmış qurğular sökülüb. Bu sahədə fəaliyyətin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqəsində həyata keçirilməsi ilə bağlı icrası məcburi göstərişlər verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub, xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb. Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq- sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib. Bu məqsədlə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyətin 2025-ci il 10 dekabr tarixindən etibarən aradan qaldırılması barədə qərar qəbul olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Bu təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov süd və süd məhsullarının təhlükəsizliyinin təmin olunması sahəsində görülən vacib tədbirlərdən danışır. O bildirir ki, süd məhsulları gündəlik qidalanmada həssas kateqoriyadır və onların normativlərə uyğun istehsalı, emalı və qablaşdırılması insan sağlamlığı üçün vacibdir. Mənşəyi bilinməyən və ya uyğunsuz qablaşdırmada təqdim olunan süd məhsulları mikrobioloji çirklənmə və zoonoz xəstəlik riskini artırır. Südün təhlükəsizliyi yalnız istehsalda deyil, daşınma və saxlanma mərhələlərində də təmin olunmalıdır. Müasir pasterizasiya texnologiyaları, fasiləsiz “soyuq zəncir” və şəffaf nəzarət mexanizmləri bu sahədə əsas prioritetlərdir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Rauf Vaqif oğluna məxsus “Biləcəri" ərzaq bazarında monitorinq keçirib. Baxış zamanı bazarda texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, balıqların, süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə, saxlanma şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı müəyyən edilib. Bazarda yüksək riskli məhsulların (ət və süd) müşayiətedici sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkarlanıb. Həmçinin işçilərin xüsusi geyim ilə təmin olunmadığı müəyyən edilib. Nöqsanlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, satıcılara qanunvericiliyin tələbləri izah olunub. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdə rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlər həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı satış məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, bazar ərazilərində çalışan işçilərin qida təhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təmin edilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışı bölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, bu məhsulların ekspertiza aktları və daşınma sənədləri təqdim edilmədən satışa çıxarıldığı qeydə alınıb. Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə, xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərinin olmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı da aşkarlanıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib. Bölgələrdə yerləşən ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarx:
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Xankəndi şəhər əhalisi, o cümlədən Qarabağ Universitetinin tələbələri ilə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Tədbir zamanı zərərvericinin morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, maarifləndirici kitabça və bukletlər paylanılıb. Həmçinin yaşayış evlərində, köhnə tikililərdə, binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.
Giriş