Əvvəlcədən elan olunduğu kimi, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər. Bu çərçivədə bu gün alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib. Qeyd edək ki, Q.Təhməzli ötən həftənin IV günü süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edib.
Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 9 mkr, ev 10 ünvanında fəaliyyət göstərən, “Bluebake” MMC-yə məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, dondurucuda mal qonşuluğu prinsipinin pozularaq xammal və hazır məhsulların birlikdə saxlandığı, hazırlanan tortların və dondurulmuş qidaların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, qablaşdırma materiallarının və xammalların saxlanması, eləcə də kremlərin hazırlanması, biskvitlərin bişirilməsi, qidaların donunun açılması və qabların yuyulması üçün ayrıca sahənin təşkil edilmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, havalandırma sisteminin qurulmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində saxlandığı və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir. Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) İngiltərənin ”LGC standard” şirkətinin yulaf nümunəsində salmonella, “Fapas” şirkətinin isə alkoqolsuz içki nümunəsində benzoy turşusu, sorbin turşusu, pH, briks və içməli su nümunəsində xlorid, sulfat, ümumi codluq, qələvilik, kalsium və maqnezium parametrlərinin təyini üzrə keçirdiyi beynəlxalq səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya qeyd olunan üç səriştəlilik sınağı üzrə sadalanan on bir parametrdə uğurlu nəticə əldə edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30a ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsrəfilov Nadir Nuru oğluna məxsus “Qəbələ” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 1 ədəd 1 litrlik "Absolut Vodka" əmtəə nişanlı, 3 ədəd 0.5 litrlik, 3 ədəd 1 litrlik, 2 ədəd 0.7 litrlik “Banketnaya” əmtəə nişanlı, 4 ədəd 1 litrlik, 2 ədəd 0.5 litrlik, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı araq, 1 ədəd 1 litrlik ”Ballantines” əmtəə nişanlı, 2 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı, 2 ədəd 1 litrlik ”Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 1 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 0.5 litrlik, 1 ədəd 1 litrlik “Jagermeister” əmtəə nişanlı likyor məhsulunun satışının həyata keçirildiyi məlum olub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyən edilməsi, karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə monitorinqləri davam etdirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Xocalı rayonlarında, Xocavənd rayonunun Hadrut qəsəbəsində, Ağkənd, Güneyçartar, Çiraquz, Tuğ kəndlərində və Qırmızı Bazar ərazisində, Ağdam rayonunun Şıxbabalı, Boyəhmədli, Cinli, Xaçındərbənd, Qızıl Kəngərli kəndlərində, Cəbrayıl rayonunun Daş Veysəlli, Əmirvarlı kəndlərində müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Xocalı rayonunda, Ağdam rayonunun Cinli, Xaçındərbənd, Xocavənd rayonunun Ağkənd, Güneyçartar, Cəbrayıl rayonunun Əmirvarlı, Daş Veysəlli kəndlərində yerləşən nar bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Komstok yastıcası, Xocavənd rayonunun Ağkənd kəndində yerləşən üzüm bağından götürülən nümunələrdə isə karantin tətbiq edilən Asiya giləmeyvə drozofilası aşkarlanıb.
Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir. Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) İngiltərənin “Vetqas APHA Scientific” sirkəti tərəfindən təşkil olunan quduzluq xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə beynəlxalq səriştəlik sınağına qatılaraq uğurlu nəticə əldə edib. Qeyd edək ki, bundan əvvəl də beynəlxalq səviyyədə təşkil olunan səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edən MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Bu laboratoriyada biokimyəvi, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr aparılır. MBL ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində AQTA tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə aparılan bir sıra hotellərin qida blokunda qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir. Bundan başqa, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Əkbərli Səməd Sabir oğluna məxsus “Hicaz” dönərxanasında və fiziki şəxs Mirzəyev Ramiz Yəhya oğluna məxsus dönərxanada plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.Belə ki, iaşə obyektlərində qabaqcıl gigiyena təcrübəsi, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək tərzdə saxlanmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, qida məhsulları üçün ayrıca yuma çanağının təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul bu həftənin IV günü, oktyabrın 31-də alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Azər Qəhrəman oğluna məxsus “Boladi” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitar-gigiyenik norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, şadlıq evində mətbəxin layihələndirilməsinin texniki normativ tələblərə uyğun olmadığı, məhsulların müvafiq temperaturda saxlanması üçün şəraitin təmin edilmədiyi, havalandıma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.