Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) təlimi keçirilib. İştirakçılara HACCP sisteminin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarə olunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Vurğulanıb ki, HACCP sistemi məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu sistem risk əsaslı yanaşmaya əsaslanaraq məhsulların standartlara uyğun istehsalına, bu isə satış və gəlirliliyin artırılmasına şərait yaradır. Təlim iştirakçıları HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb. Eləcə də iştirakçılara müvafiq məsləhətlər verilib, onların sualları cavablandırılıb.
Ölkə ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılır. Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb. Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb. Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı müvafiq qərarına əsasən, ümumtəhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadə olunması qadağan edilən məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliklə bu tip müəssisələrdə istehlaka təqdim edilməsi qadağan olunmuş və yararlılıq müddəti bitmiş məhsulların uşaqlara satılmasına yol verilmir. Məktəblərin qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, istehlaka verilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri də tələblərə uyğun olmalıdır.
Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır. Vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları peyvəndləmək olmaz. Peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir. Qarşılaşdığınız hər hansı problem və ya sual üçün 1003 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında epizootoloji sabitliyin qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq nəzarəti tədbirləri gücləndirilir. Bu çərçivədə qəbul edilmiş tələblərə əsasən, identifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək. Qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır. Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər. AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır. Ətraflı:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi” Forumu keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, Təhməzov Qaryağdı Əsəd oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirib. Yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyasının müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmadığı, qida məhsulunun komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Həmçinin döşəmə, divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməyib, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunaraq süd qəbulu məntəqəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində fəaliyyət göstərən Kərimli Oqtay Seymur oğluna məxsus “Mandarin” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə satış sahəsinin divar və tavan səthlərinin təmirli olmadığı, işçilərin soyunub-geyinməsi üçün otağın təşkil edilmədiyi, əllərin yuyulması üçün əl yuma çanağının təşkil edilmədiyi, təmizlik vasitələrinin saxlanması üçün ayrıca sahənin təşkil edilmədiyi, mexaniki və avtonom havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə “Təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” üzrə aidiyyəti məsul şəxslər arasında onlayn görüş keçirilib. Tədbir çərçivəsində Konvensiyanın əsas müddəaları və mexanizmləri, xüsusilə əvvəlcədən əsaslandırılmış razılıq (Prior Informed Consent - PIC) proseduru barədə təqdimat edilib. Eyni zamanda ölkəmizdə pestisidlərin qeydiyyatı, dövriyyəsinə nəzarət, 238 adda qadağan edilmiş və məhdudlaşdırılmış pestisidlərə dair təsiredici maddələrin siyahısının təsdiqi, eləcə də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi sahəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib. Görüş zamanı Konvensiyanın öhdəliklərinin effektiv icrası, institusional mexanizmlərin formalaşdırılması və aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin təşkili məsələləri müzakirə olunub.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır. Sahibkarlara tövsiyə olunur ki, satışa təqdim etdikləri məhsulların mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədləri təmin etsinlər, etiketlənmə qaydalarına ciddi əməl etsinlər və istehlakçıları yanlış yönləndirə biləcək məlumatların yayılmasına yol verməsinlər. Bildiririk ki, Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görülür. Sahibkarların bu tələblərə əməl etməsi həm istehlakçıların sağlamlığının qorunmasına, həm də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir. Ətraflı:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib.
Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əskərov Əhəd Maqsud oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb. Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub. Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Giriş