Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA əməkdaşları Balakən əhalisi ilə birgə zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər
AQTA əməkdaşları Balakən əhalisi ilə birgə zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Balakən rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin Gəncə–Daşkəsən, Mərkəzi Aran, Quba–Xaçmaz, Lənkəran–Astara, Abşeron–Xızı və Şəki–Zaqatala regional bölmələrindən ezam olunan əməkdaşlar Balakən rayonunun Poştbinə və Çorçorbinə kəndlərində monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər.  Tədbirlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 300-dən çox bitki növü ilə qidalanan Qəhvəyi mərmər bağacığı payız aylarında fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu dövrdə zərərverici əsasən qışlama məqsədilə yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA əməkdaşları sakinlərlə birlikdə 100-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim edilib. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri də tədbirlərə dəstək göstəriblər. Görülən tədbirlər nəticəsində xeyli sayda zərərverici məhv edilib. Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Bu üsullara aldadıcı tələlər və süni yaradılmış qışlama sığınacaqları daxildir. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına mühüm töhfə verə bilər. Ən əsası bununla da bölgədə təsərrüfatlara dəyə biləcək iqtisadi itkiləri önləmək mümkündür.

AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərdə düzgün qida vərdişlərinin formalaşdırılmasıdır. Bu məqsədlə 2025–2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 239 və 163 nömrəli tam orta məktəblərdə keçirilib. Tədbirlərdə hər iki məktəbdən ümumilikdə 800-dən çox şagird iştirak edib. Onlara Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” mövzusunda təqdimatlar keçirilib. Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılara sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Hər il layihə çərçivəsində ümumtəhsil müəssisələrində şagirdlərlə qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında müxtəlif görüşlər keçirilir. AQTA tərəfindən bu istiqamətdə tədbirlərin davamlı şəkildə təşkili nəzərdə tutulur.

AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO
AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb
Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb

Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.

AQTA nümayəndələri Tacikistanda beynəlxalq tədbirdə iştirak edir
AQTA nümayəndələri Tacikistanda beynəlxalq tədbirdə iştirak edir

10–14 noyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa Komissiyasının Dabaq üzrə ofisinin birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatı/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taun xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə Yol Xəritəsi” mövzusunda beynəlxalq tədbir keçirilir. Tədbirdə ölkəmizi Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev və Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun baş məsləhətçisi Natiq Cavadov təmsil edir. Xırdabuynuzlu heyvanların taun və dabaq xəstəliklərinə qarşı birgə mübarizə, peyvəndləmə strategiyalarının təkmilləşdirilməsi, laborator və nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də transsərhəd əməkdaşlıq və regional strategiyaların uyğunlaşdırılması məsələləri tədbirin müzakirə mövzularındandır. Qeyd edək ki, bu təşəbbüs 2030-cu ilədək xırdabuynuzlu heyvanlarda taunun tam ləğvi və dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi üzrə qlobal hədəflərə nail olmaq məqsədi daşıyır.

Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib
Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib

Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı iki bazarda qanunsuz olaraq yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib. Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. “Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov Şalbuz Vəzir oğlu tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib. İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Heyvan bazarlarında rekonstruksiya işləri davam edir - VİDEO
Heyvan bazarlarında rekonstruksiya işləri davam edir - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri Agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir.  Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür.  Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır. Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək. Heyvan bazarlarında görülən işlərə dair videolink: https://youtu.be/gZEHsm85E2c

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Cari ilin 17-21 noyabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.

Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
Qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatları

Qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatları