“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması, qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir. Qeyd edək ki, AQTİS vasitəsilə idxal və ixrac ilə məşğul olan sahibkarlar sistemə fasiləsiz və rahat giriş edir və elektron qaydada müraciət edərək icazə sənədlərini minimum vaxt itkisi ilə əldə edirlər. Həmçinin Agentlik digər müvafiq dövlət qurumları ilə birlikdə təsdiq edilmiş iş rejiminə uyğun olaraq fəaliyyətini davam etdirir. Bundan əlavə, sahibkarlıq subyektləri üçün proseslərin daha çevik və effektiv təşkili sahəsində AQTİS sistemində təkmilləşdirmə işləri davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilzadə Hüseyn İsa oğluna məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Musaküçə kəndində fəaliyyət göstərən, Eynullayev Elçin Eynulla oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Qazıqurdalı kəndində fəaliyyət göstərən, Ələsgərov Vüqar Firqət oğluna məxsus “Venera” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə etiket məlumatları olmayan turşuların istehlaka təqdim edildiyi müəyyən edilib. Həmçinin xammal və inqrediyentlərin saxlanma şəraitinə əməl olunmur, qida məhsullarının donunun açılması proseduru normalara uyğun həyata keçirilmir, havalandırma sistemi quraşdırılmayıb, müvafiq təmizlik işləri görülmür, işçilər tibbi müayinədən keçirilməyib və digər tələblər pozulub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib. İstehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin obyektdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir. Baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsala verildiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq edilib, icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dondurulub qurudulmuş (sublimasiya edilmiş) məhsullarla bağlı yoxlama keçirib. Yoxlama zamanı "Healthy Chic" MMC-yə məxsus emal müəssisəsində istehsal tarixi qeyd olunmayan emal edilmiş məhsullar və qanunvericiliyə uyğun etiket məlumatları olmayan hazır məhsullar müəyyən edilib. Fiziki şəxs Məmmədov Zaur Bəylər oğluna məxsus “Bizim Çərəz”, fiziki şəxs Əlixanov Elsun Arzu oğluna məxsus "Qozzi" və "Buta Çərəz" MMC-yə məxsus "Buta Çərəz" qida obyektlərində qanunvericiliyə uyğun etiketlənməyən sublimasiya edilmiş məhsulların satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib edilib, məhsulların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə İctimai Şuranın sədri, Şuranın sədr müavini və Şuranın katibinin seçilməsi məsələsinə baxılıb. Səsvermə yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Mehriban Məhərrəmova Şuranın sədri, media nümayəndəsi Pərvin Abbasov Şuranın sədr müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin müavini Aytac Zülfüqarlı isə Şuranın katibi seçilib. İclasda qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin önəmi diqqətə çatdırılıb. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən, “Xan Çinar 2020” MMC-yə məxsus çörək və unlu məmulatların emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə istifadə müddəti bitmiş bir sıra xammal məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının donunun açılması prosedurunun normalara uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız qida məhsullarının dövriyyədən çıxarılaraq məhv edilməsinə dair müvafiq qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə bioloji aktiv qida məhsulları və qida əlavələri üzrə icazə, qeydiyyat və tənzimləmə mexanizmləri, bu məhsullar üçün Azad Satış Sertifikatının verilməsi prosedurları və səlahiyyətli qurumlar barədə İsrailin təcrübəsi müzakirə olunub. Tərəflər həmçinin pestisid qalıqlarının tənzimlənməsi, o cümlədən aktiv maddə və formulasiya üzrə qeydiyyat prosedurları üzrə təcrübə mübadiləsi aparıblar. Görüşdə yeni növ qida məhsullarının (novel foods) qiymətləndirilməsi zamanı tətbiq edilən elmi risk qiymətləndirilməsi metodologiyaları diqqət mərkəzində olub. İsrailin müvafiq qurumları tərəfindən tətbiq olunan yanaşmalar AQTA-nın mütəxəssisləri ilə paylaşılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində rəqəmsal nəzarət mexanizmləri, “ağıllı” yoxlama metodologiyaları, o cümlədən Düzgün İdxalçı Statusu və Onlayn Bəyanetmə Sisteminin tətbiqi üzrə İsraildə mövcud olan təcrübə ilə bağlı müqabil tərəfdən ətraflı məlumat verilib. Sonda bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Brusellyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə Naxçıvan da daxil olmaqla, respublikanın şəhər və rayonlarının yaşayış məntəqələrində fəaliyyət göstərən südlük təyinatlı iribuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında 2026-cı ilin 9-20 fevral tarixlərində seroloji monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində südlük təyinatlı iribuynuzlu heyvanlardan laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Giriş