Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xalıqov Vahid Rafiq oğluna məxsus “Tənün” unlu məmulatların istehsalı obyektində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb. Həmçinin unlu məmulatların istehsalı zamanı çarpaz çirklənmənin qarşısının alınması üçün zəruri şəraitin təmin edilmədiyi, divar və tavan səthlərinin tamlığının pozulduğu, ümumi mübadiləli havalandırma sisteminin qurulmadığı, soyuducu avadanlıqlarda korroziya əlamətlərinin müşahidə olunduğu, eləcə də müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin mütəmadi aparılmadığı müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla bağlı müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida obyektinin nöqsanlar aradan qaldırılanadək fəaliyyəti dayandırılıb. Eyni zamanda, hazır məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son dövrlərdə respublikada qaramalın 9-12 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin yaratdığı risklərlə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Agentlik tərəfindən həyata keçirilən kampaniya çərçivəsində fermerlər, heyvan sahibləri və ictimaiyyət üçün xüsusi maarifləndirici materiallar – buklet və flayerlər hazırlanıb. Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah edilib. Məlumatlandırma materiallarında qeyd olunub ki, quzuların erkən kəsilməsi nəticəsində əldə edilən ət tam formalaşmadığı üçün qida dəyəri aşağı olur. Eyni zamanda, bu hal heyvanların genetik potensialının zəifləməsinə, sürülərin məhsuldarlığının azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir. AQTA vətəndaşları və fermerləri bu məsələdə məsuliyyətli olmağa, heyvandarlıq sahəsində sağlam və davamlı yanaşmaları tətbiq etməyə çağırır. Qeyd edək ki, bugünədək kampaniyaya millət vəkilləri, ictimai şəxslər və tanınmış blogerlər də qoşularaq təşəbbüsü dəstəkləyib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.
Qida Təhlükəsizliyi Agentliyi mövsümi yağıntıların intensivləşməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalçılarına müraciət edir. Bağ və əkin sahələrində rütubət səviyyəsinin yüksəlməsi monilioz, unlu şeh, pas və bu kimi göbələk mənşəli xəstəliklərin yaranması, habelə sürətlə yayılması riskini artırır. Bu hallar məhsuldarlığa və məhsulun keyfiyyətinə ciddi mənfi təsir göstərə bilər. Bu baxımdan bir sıra profilaktik və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi zəruridir: - xəstəlik əlamətlərini vaxtında aşkarlamaq üçün bağ sahələrində mütəmadi müşahidələr aparılmalı; - bitkilərin havalanmasını (aerasiyasını) təmin etmək məqsədilə aqrotexniki qulluq tədbirləri həyata keçirilməli; - suvarma rejimi optimallaşdırılmalı və artıq nəmlənmənin qarşısı alınmalı; - tətbiq reqlamenti və təhlükəsizlik qaydaları gözlənilməklə, göbələk xəstəliklərinə qarşı müvafiq fungisidlərdən istifadə edilməli; - xəstəliyə yoluxmuş bitki hissələri vaxtında sahədən uzaqlaşdırılaraq məhv edilməlidir. Qeyd olunan tədbirlərin vaxtında və düzgün icra edilməsi bağlarda xəstəliklərin yayılmasının və məhsul itkisinin qarşısını alacaqdır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində budəfəki görüş Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdləri ilə baş tutub. Təxminən 50-yə yaxın müəllim və şagirdin iştirak etdiyi tədbirdə məktəblilərə Agentliyin Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən qurumun fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi anlayışı, qida zəncirinin mərhələləri, istehlakçı hüquqlarının qorunması və bu sahədə ictimai məsuliyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda şagirdlərə sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, eləcə də dərs zamanı diqqət və yaddaşın gücləndirilməsində əhəmiyyəti izah edilib. Şagirdlərin qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar sualları yarandıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri qeyd olunub. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 7-si saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla mayın 6-dək qəbula yazıla bilərlər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "Erkən kəsimə son" maarifləndirici kampaniyasını dəstəklədiyini bildirərək son dövrlərdə 6 aylıqdan kiçik quzuların kəsilməsinin ənənə halını almasına diqqət çəkib. O, tarixi ənənələrə nəzər salaraq bildirib ki, tarixən ağsaqqallarımız kiçik yaşda olan heyvanların kəsilməsinə qadağa qoyaraq, qonağa çəkisi 25-30 kiloqramlıq qoç kəsərdilər. Deputat təəssüflə qeyd edib ki, hazırda bazara 7-8 kiloqramlıq quzular çıxarılır, xüsusilə dişi heyvanların kəsilməsi cinsin azalması, kökün kəsilməsi deməkdir. Aqrar siyasət komitəsinin sədri vurğulayıb ki, bir çox mütəxəssisin rəyinə əsasən, erkən yaşda kəsilən quzu ətinin faydalılığı barədə formalaşmış fikirlər tam doğru deyil. Heyvanın normal inkişafı üçün onun böyüməsinə imkan verilməlidir. T. Rzayev məsələyə kompleks yanaşmanın vacibliyini vurğulayaraq, Agentliyin bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirləri yüksək qiymətləndirib. Ətraflı:
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə, Goranboy və Naftalan şəhərlərində ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, bufet operatorları, müəllimlər və şagirdlər iştirak ediblər. Məqsəd məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunması və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviq edilməsidir. Tədbirlərdə iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri, məktəb bufetlərində sanitar-gigiyenik və texniki-normativ qaydalar, qida məhsullarının düzgün saxlanma, daşınma və istehlak şərtləri barədə ətraflı məlumat verilib. Qida zəhərlənmələrinin profilaktikası və bu halların qarşısının alınması yolları izah olunub. Eləcə də sağlam qidalanma prinsipləri və gənc nəslin fiziki inkişafında keyfiyyətli qidanın rolu diqqətə çatdırılıb. Bufet operatorlarına müvafiq metodiki tövsiyələr verilib və iştirakçıların sualları cavablandırılıb. Maarifləndirici görüşlər digər təhsil müəssisələrində davam etdiriləcəkdir.
Kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının və ölkədə fitosanitar stabilliyin təmin edilməsi, o cümlədən ixrac potensialının yüksəldilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tədbirlər davam etdirilir. Bu çərçivədə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən gilas bağlarında mövsümlə əlaqədar aparılan fitosanitar tədbirlərlə yerində tanış olmaq, ixrac prosesi zamanı qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılar və ixracatçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi, həmçinin ixrac prosesi zamanı tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Habelə ixrac olunan məhsulların qablaşdırılmasının və etiketləndirilməsinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi qeyd edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, gilas istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.
Bioloji aktiv qida məhsulları (BAQM) orqanizmin ehtiyacı olan gündəlik vitamin, mineral və digər vacib qida maddələrini tamamlamasına kömək edir. Kalsium, D vitamini, fol turşusu, omega-3 və B vitaminləri sümüklərin, ürək-damar sisteminin, beyin və ümumi inkişafın dəstəklənməsində mühüm rol oynayır. BAQM uşaqlar, böyüklər və yaşlılarda sağlam funksiyaların qorunmasına yardımçı olur. Sümük möhkəmliyi, enerji mübadiləsi, hamiləlikdə sağlam inkişaf, immun sistem dəstəyi və yaşla bağlı dəyişikliklərdə əlavə müdafiə kimi təsirlərə malikdir. Unutmayın ki, BAQM qidalanmanı əvəz etmir və qəbul edilməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir. Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.
Qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasylenko bildirib ki, HACCP qida təhlükəsizliyinin davamlı şəkildə təmin olunması və təhlükəsiz qida istehsalının təşkili baxımından ən effektiv və etibarlı mexanizmlərdən biridir. Onun sözlərinə görə, qida zəncirində fəaliyyət göstərən bütün müəssisələr üçün bu sistem təhlükələrin əvvəlcədən müəyyən edilməsi və idarə olunmasına imkan yaradır. Qeyd olunub ki, HACCP-ın tətbiqi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun fəaliyyət göstərməyə imkan yaradır. Bu isə yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına və ixrac potensialının genişlənməsinə töhfə verir. Vasylenko həmçinin vurğulayıb ki, qida təhlükəsizliyi yalnız istehsal mərhələsi ilə məhdudlaşmır, bu proses obyektlərin düzgün planlaşdırılması, layihələndirilməsi və tikintisi mərhələsindən başlayır və qida zəncirinin bütün mərhələlərini əhatə edir. Bu kimi tədbirlər qida təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfrans çərçivəsində HACCP (Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri) sisteminin əhəmiyyəti əsas müzakirə mövzularından biri olub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 25-i saat 10:00-da Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasında (Lənkəran şəhəri, B.Mirsalayev küçəsi 272) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 24-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Giriş