Kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının və ölkədə fitosanitar stabilliyin təmin edilməsi, o cümlədən ixrac potensialının yüksəldilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tədbirlər davam etdirilir. Bu çərçivədə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən gilas bağlarında mövsümlə əlaqədar aparılan fitosanitar tədbirlərlə yerində tanış olmaq, ixrac prosesi zamanı qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılar və ixracatçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi, həmçinin ixrac prosesi zamanı tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Habelə ixrac olunan məhsulların qablaşdırılmasının və etiketləndirilməsinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi qeyd edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, gilas istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.
Bioloji aktiv qida məhsulları (BAQM) orqanizmin ehtiyacı olan gündəlik vitamin, mineral və digər vacib qida maddələrini tamamlamasına kömək edir. Kalsium, D vitamini, fol turşusu, omega-3 və B vitaminləri sümüklərin, ürək-damar sisteminin, beyin və ümumi inkişafın dəstəklənməsində mühüm rol oynayır. BAQM uşaqlar, böyüklər və yaşlılarda sağlam funksiyaların qorunmasına yardımçı olur. Sümük möhkəmliyi, enerji mübadiləsi, hamiləlikdə sağlam inkişaf, immun sistem dəstəyi və yaşla bağlı dəyişikliklərdə əlavə müdafiə kimi təsirlərə malikdir. Unutmayın ki, BAQM qidalanmanı əvəz etmir və qəbul edilməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir. Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.
Qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasylenko bildirib ki, HACCP qida təhlükəsizliyinin davamlı şəkildə təmin olunması və təhlükəsiz qida istehsalının təşkili baxımından ən effektiv və etibarlı mexanizmlərdən biridir. Onun sözlərinə görə, qida zəncirində fəaliyyət göstərən bütün müəssisələr üçün bu sistem təhlükələrin əvvəlcədən müəyyən edilməsi və idarə olunmasına imkan yaradır. Qeyd olunub ki, HACCP-ın tətbiqi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun fəaliyyət göstərməyə imkan yaradır. Bu isə yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına və ixrac potensialının genişlənməsinə töhfə verir. Vasylenko həmçinin vurğulayıb ki, qida təhlükəsizliyi yalnız istehsal mərhələsi ilə məhdudlaşmır, bu proses obyektlərin düzgün planlaşdırılması, layihələndirilməsi və tikintisi mərhələsindən başlayır və qida zəncirinin bütün mərhələlərini əhatə edir. Bu kimi tədbirlər qida təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfrans çərçivəsində HACCP (Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri) sisteminin əhəmiyyəti əsas müzakirə mövzularından biri olub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 25-i saat 10:00-da Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasında (Lənkəran şəhəri, B.Mirsalayev küçəsi 272) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 24-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun fəaliyyət istiqamətlərinin ictimaiyyətə daha yaxından təqdim olunması məqsədilə “AQTA hara baxır?” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində qida zəncirinin bütün mərhələlərində – tarladan və ya fermadan süfrəyədək həyata keçirilən nəzarət tədbirləri, aşkarlanan nöqsanlar və görülən tədbirlər barədə məlumatlar istehlakçıların diqqətinə çatdırılacaq. Məqsəd istehlakçıların məlumatlılığını artırmaqla yanaşı, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin şəffaf şəkildə təqdim edilməsidir. Layihənin ilk buraxılışı son dövrlərdə geniş ictimai müzakirələrə səbəb olan “dəvə qutabı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında aparılan müzakirələr əsasən məhsulların tərkibinin həqiqətən də dəvə ətindən ibarət olub-olmaması və istehlakçıların düzgün məlumatlandırılması məsələlərini əhatə edir. Daha ətraflı linkdən tanış ola bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər il təsərrüfat sahələrində və meyvə bağlarında fitosanitar vəziyyətin qiymətləndirilməsi, zərərli orqanizmlərin vaxtında aşkarlanması və risklərin minimuma endirilməsi məqsədilə “Milli Monitorinq Planı” hazırlanır. Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən ölkənin müxtəlif bölgələrindəki bitkiçilik təsərrüfatlarında, o cümlədən alça bağlarında mütəmadi monitorinqlər aparılır, bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı təhlil olunur. Monitorinqlər zamanı karantin tətbiq edilən, habelə məhsuldarlığa təhlükə törədən digər zərərli orqanizmlər aşkar edildiyi halda, dərhal zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərarlar qəbul edilir və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə onların icrası təmin olunur. 2026-cı ildə alça təsərrüfatlarında mövsümün yeni başlaması ilə əlaqədar monitorinqlərə başlanılıb və sahələrdə mütəmadi müşahidələr aparılır. Bugünədək aparılan ilkin müşahidələr və toplanmış məlumatlar əsasında hazırkı mərhələdə hər hansı zərərli orqanizm aşkarlanmayıb.
Qida Təhlükəsizliyi Agentliyinin idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib. Məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qabaqcıl təcrübə və beynəlxalq standartlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Bu istiqamətdə qida ilə təmasda olan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimdə iştirakçılara müəssisə fəaliyyətinin mövcud qanunvericiliyin, eləcə də sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun təşkili ilə bağlı zəruri məlumatlar təqdim edilib. Təlim zamanı əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə qarşı nəzarət tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ətraflı şəkildə izah olunub. İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 6-10 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində və 4 rayonun (şəhər) 72 ailə təsərrüfatında müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvanların peyvəndləmə prosesinə dair təlimatlandırıcı videoçarx hazırlanıb. Bildirilib ki, ölkədə epizootik sabitliyin qorunması və heyvan sağlamlığının təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, çiçək, itlərin quduzluq, təkdırnaqlı heyvanların isə rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlənməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Peyvəndləmələr aidiyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədə istifadə ediləcək vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən cavabdeh şəxsə göstərilməlidir. Hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Aparılan hər bir peyvəndləmə haqqında məlumatlar heyvanın pasportuna, heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və ya dövlət baytarlıq uçot formalarına qeyd edilməlidir. Qeyd olunub ki, təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və sağlamlaşdırıcı tədbirlərlə bağlı qarşılaşdıqları məsələlər üzrə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Daha ətraflı: https://youtu.be/5K5rtE-fIYA
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib. Tədbirlərdən biri Füzuli Rayon İcra Hakimiyyətində təşkil olunub. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, körpələr evi-uşaq bağçalarının və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Maarifləndirici görüş Füzuli Rayon Musiqi Təmayüllü Uşaq Gimnaziyasında davam etdirilib. Agentliyin əməkdaşları sağlam gələcək naminə uşaqların düzgün və balanslı qidalanması, hərtərəfli inkişafı ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, təhsil müəssisələrində qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, təhlükəsiz qidalanmanın təmin olunması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərdə həmçinin uşaqların gündəlik qida rasionunun düzgün qurulması, qidaların saxlanması və istifadə qaydaları, sanitar-gigiyena tələblərinə riayət olunmasının vacibliyi barədə təqdimatlar olub, iştirakçılara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Sonda iştirakçılara qida təhlükəsizliyi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı suallar yarandıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.
Giriş