Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 27-si Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi geniş yayılıb. Qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb. “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir. Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır. İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir. Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Saatlı rayonunun Fətəlikənd kəndində fəaliyyət göstərən, “BFT Cheesella” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində yoxlama keçirib. Emal müəssisəsində keçirilən baxış zamanı qida məhsullarının etiketində məlumatların tam və dolğun göstərilmədiyi, yağ hazırlanma bölümündə havalandırma sisteminin qurulmadığı müəyyən olunub. Həmçinin temperaturun monitorinqi və qeydiyyatının aparılmasına dair jurnal yoxlamaya təqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisənin səlahiyyətli nümayəndəsi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ali və orta ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində hər tədris ilinin sonunda tələbələrin Agentliyin struktur bölmələrində, eləcə də tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) təcrübə keçmələrini təmin edir. Təcrübə proqramının məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla tamamlamaq, onları Agentliyin kadr ehtiyaclarına uyğun şəkildə müstəqil və səmərəli əmək fəaliyyətinə hazırlamaq, eyni zamanda məşğulluq və karyera inkişafına dəstək göstərməkdir. Agentlikdə fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu gənclərin peşəkar və fərdi inkişafına töhfə verir, könüllülük hərəkatının genişlənməsinə xidmət edir. AQTA fəaliyyətə başladığı dövrdən etibarən təcrübə proqramlarında və könüllülük fəaliyyətində iştirak edən 75 nəfəri işlə təmin edib. Həmin gənc mütəxəssislər hazırda ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla martın 4-dək qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı qışlama ocaqlarının aşkar edilməsi və məhv edilməsi məqsədilə monitorinq tədbirləri davam etdirilir. Monitorinqlər Balakən, Zaqatala və Qax rayonları ərazilərində həyata keçirilir. Bu çərçivədə zərərvericinin qışlama ehtimalı olan yaşayış evləri, yardımçı tikililər, anbarlar və təsərrüfat sahələri, eləcə də digər potensial sığınacaq yerlərinə baxış keçirilir. Aşkar edilən qəhvəyi mərmər bağacığı fərdləri mexaniki üsulla məhv olunur. Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, zərərvericinin yaratdığı təhlükələr və düzgün mübarizə üsulları izah edilir, ictimaiyyətin bu prosesdə fəal iştirakının vacibliyi vurğulanır. Monitorinq və maarifləndirmə tədbirləri məktəblərdə, uşaq bağçalarında, kənd icra nümayəndəliklərində və insanların kütləvi toplaşdığı digər ictimai məkanlarda da həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən yem istehsalçıları və idxalçılarının məlumatlandırılması məqsədilə görüş keçirilib. Görüş zamanı heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsinin qida təhlükəsizliyi sahəsində ciddi problem yaratdığı bildirilib. Belə halların yaranması əsasən yemlərin düzgün saxlanmaması, yüksək rütubət və temperatur şəraitində kiflənməsi ilə bağlıdır. Problemin qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən yemlərin istehsalı, daşınması və saxlanması mərhələlərində gigiyenik tələblərə ciddi riayət edilməlidir. Agentlik tərəfindən hazırlanan “Yem məhsullarında aflatoksin B1 miqdarının azaldılmasına dair metodiki göstəriş” görüş iştirakçılarına təqdim olunub, sənədin əsas müddəaları barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, son dövrlərdə süddə aşkar edilən uyğunsuzluqların əsas səbəbi heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsidir. Aflatoksin B1 əsasən kif göbələkləri tərəfindən istehsal olunan və yem məhsullarında yaranan toksindir. Yüksək dozada aflatoksinə məruz qalma adətən, qarın ağrıları, sarılıq, hepatit kimi simptomlarla müşahidə olunan aflatoksikoza səbəb ola bilər. Bu isə qaraciyərə ciddi zərər vuraraq insan sağlamlığı üçün həyati təhlükə yaradır. Sonda iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc insanlara qarşı törədilən misli görünməmiş qətliamdan bəhs edib. O bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir. Sədr müavini Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Xocalının azad olunmasını tarixi ədalətin bərpası kimi dəyərləndirib, Xocalı sakinlərinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunduğunu, şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb.
AQTA əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Xocalı küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Vəfa Razim qızına məxsus “Yusif” marketdə plandankənar yoxlama keçirilib. Baxış zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, müxtəlif əmtəə nişanlı, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin, vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv olunması barədə müvafiq qərar qəbul olunub.
Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər. Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.
Avropa ölkələri atların idxalı zamanı ciddi epizootik və biotəhlükəsizlik tələbləri tətbiq edir. Bu tələblər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara əsaslanır. Mövcud mexanizmlər tam uyğunlaşdırılmadıqda isə idman atlarının xaricə daşınması zamanı əlavə prosedurlar və məhdudiyyətlər yarana bilər. İdman atlarımızın beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə ölkəmizdə “at xəstəliklərindən azad zona” və ya “kompartment” modelinin yaradılması istiqamətində işlərə başlanılıb. Bu məqsədlə keçirilən görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ÜHST-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər. AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə ÜHST-nin Quruda yaşayan heyvanların sağlamlığı Məcəlləsinin tələblərinə uyğun infrastruktur qurulmalı, sanitariya-gigiyena və biotəhlükəsizlik tədbirləri tam təmin edilməli, eləcə də idman atlarının hərəkətinə dair xüsusi nəzarət və izləmə sistemi tətbiq olunmalıdır. Bu tələblər yerinə yetirildikdən sonra ÜHST-yə rəsmi müraciət ediləcək və müvafiq obyektlərin azad zona və ya kompartment kimi tanınması mümkün olacaq. Həmin status ölkəmizin beynəlxalq səviyyədə rəsmi tanınmasına, idman atlarının isə yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan yaradacaq. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, baytarlıq və biotəhlükəsizlik prosedurlarının hazırlanması istiqamətində metodiki dəstək göstəriləcək. Bu təşəbbüs həm at xəstəlikləri riskinin minimuma endirilməsinə, həm də Azərbaycanın beynəlxalq atçılıq yarışlarında nüfuzunun və təmsilçiliyinin gücləndirilməsinə xidmət edir.
Giriş