Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında heyvan xəstəliklərindən azad zonaların sərhədləri müəyyənləşdirilib
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında heyvan xəstəliklərindən azad zonaların sərhədləri müəyyənləşdirilib

Ölkədə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində bir sıra tədbirlər icra olunub. Məqsəd ölkədə epizootik sabitliyin gücləndirilməsi və heyvandarlıq sahəsinin inkişafının sürətləndirilməsidir. Azad zonaların yaradılması bir sıra heyvandarlıq məhsullarının ixracında maneələrin aradan qaldırılmasına, ixrac coğrafiyasının genişlənməsinə və tranzit imkanlarının artmasına şərait yaradacaq. Heyvan xəstəliklərindən azad zonalar Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərini tam, Füzuli, Laçın və Xocavənd rayonlarının ərazilərini isə qismən əhatə edəcək. Digər azad zona isə tam əhatə etməklə Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılacaq. Belə ki, zonaların yaradılması məsələsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ali Baş Qərargahında müzakirə edilib və təşkilat tərəfindən dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ÜHST-nin ekspertlərinin iştirakı ilə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazisində azad zonaların sərhədləri müəyyən edilib və xəritəsi hazırlanıb. Eləcə də azad zona regionlarında fəaliyyət göstərən heyvandarlıq obyektlərinin koordinatları müəyyənləşdirilib və heyvanların identikləşdirilməsinə başlanılıb. Bununla yanaşı, heyvan xəstəliklərindən azad zonaların ÜHST tərəfindən tanınması üçün bir sıra əlavə tədbirlər görüləcək. Bunlara dabaq xəstəliyi üzrə FAO-nun Mərhələli Nəzarət Proqramı çərçivəsində ölkə səviyyəsinin növbəti mərhələyə keçirilməsi, yeni “Heyvan sağlamlığı haqqında” Qanunda müvafiq müddəaların əks etdirilməsi, zonalara giriş-çıxış nöqtələrində nəzarət postlarının yaradılması, azad zona hüdudları daxilində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən müasir emal müəssisələrinin təşkili daxildir. Eyni zamanda azad zonalarda saxlanılan və ora köçürüləcək heyvanların peyvəndlənməsi, identikləşdirilməsi, mütəmadi epizootoloji monitorinqlərin aparılması və sərhədboyu bütün həssas heyvanların peyvəndlənməsi yolu ilə dabaq xəstəliyi üzrə immun zolağın yaradılması təmin olunmalıdır. Həmçinin identifikasiya olunmamış və müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların satış bazarlarına və rayonlararası, xüsusilə Bakı şəhərinə daşınmasının qarşısının alınması, eləcə də belə heyvanların bazarlara girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, heyvanların identikləşdirilməsi və daşınması “Baytarlıq haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

AQTA-da “Syngenta” şirkətinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib
AQTA-da “Syngenta” şirkətinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dünyanın aparıcı aqrar texnologiya şirkətlərindən biri olan “Syngenta”nın Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüş zamanı bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı prosedurları, analitik standartların təqdim olunması mexanizmləri, qeydiyyat sənədlərinə dair aktual tələblər, xarici tədqiqat nəticələrinin tanınması imkanları, istehsal sahələrinin qeydiyyat şəhadətnamələrində əks etdirilməsi və qeydiyyat müddətləri ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Tərəflər qüvvədə olan qanunvericiliyin tələbləri, o cümlədən pestisidlərin qeydiyyat müddətinə dair mövcud normalar, eləcə də hazırlanmaqda olan “Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsində nəzərdə tutulan təkmilləşdirmələr barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Görüş çərçivəsində şirkət nümayəndələri AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin sınaqlarının aparıldığı laboratoriyası ilə tanış olub, laboratoriyanın texniki imkanları və tətbiq olunan metodologiyalar barədə məlumat əldə ediblər. Görüş konstruktiv və qarşılıqlı əməkdaşlıq şəraitində keçib, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib
“Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib

AQTİ-nin Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, təlim “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib. Onu da bildirək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

“SushiNano” suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb
“SushiNano” suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Əsgərov Fərid Əsgər oğluna məxsus “SushiNano” suşi emalı müəssisəsində plandankənar yoxlama keçirilib.  Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib.    Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmir, havalandırma sistemi quraşdırılmayıb.  Bundan başqa, müəssisədə qida məhsullarının, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanaqları mövcud deyil, mütəmadi dezinfeksiya işləri aparılmır, soyuducu təmizlənmir, rəflərdə korroziya əlamətləri müşahidə olunub. Xammalın saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və qanunvericiliyin tələblərinə uyğun markalanması olmayan məhsullardan istifadə edildiyi də müəyyənləşdirilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı obyektin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb.

“Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda yoxlama keçirilib - VİDEO
“Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda yoxlama keçirilib - VİDEO

Ucar rayonu, 28 May küçəsində fəaliyyət göstərən, “Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus qida məhsullarının satışı bazarında bir sıra nöqsanlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının ticarət mərkəzində keçirdiyi yoxlama zamanı bazarda və bazar ərazisində yerləşən ictimai iaşə obyektlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, bazarda balıq, süd və süd məhsulları sanitar norma və qaydalara, gigiyena normativlərinə riayət edilmədən satışa çıxarılır, ictimai iaşə obyektlərində sanitar-gigiyenik tələblər gözlənilmir. Diri balıqların saxlanması və satışı, həmçinin məhsulların təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb, balıqlar sanitar-gigiyenik qaydalar gözlənilmədən birbaşa satış sahəsində təmizlənir və soyuducuda saxlanılmır. Süd və süd məhsulları sanitar-gigiyenik tələblərə və temperatur rejiminə riayət edilmədən açıq şəraitdə saxlanılır. Baxış zamanı qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb, həmçinin balıq, süd və süd məhsullarının müşayiətedici baytarlıq sənədləri (ekpertiza aktı, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilməyib. İctimai iaşə obyektlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub. Belə ki, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsullarının hazırlanması, ləvazimatların yuyulması zamanı sanitar-gigiyenik qaydaların gözlənilmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı bazarın rəhbəri barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək balıq, süd və süd məhsullarının satışı sahələrinin və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib
AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi geniş yayılıb. Qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb. “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir. Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır. İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir.  Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab