Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçirib. Müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri bəlli olana kimi məhsulların dövriyyəsi qadağan olunub. Nöqsanlar aradan qaldırılanadək müəssisədə qənd, karamel, kozinak, iris və s. konfetlərin emalı sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Masallı rayonu, Qarabağ küçəsində yerləşən kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Nəzarət tədbirləri çərçivəsində ölkəmizə "Vap Cate" MMC-nin Türkiyədən idxal etdiyi “Botafarma Sağlık Ürenleri Tic. Ve San. Ltd. Şti” müəssisəsinin istehsalı olan 504 ədəd “Terris Actıve, Tablet N 90” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (22.09.2025 - 22.09.2028-ci il istehsal və son istifadə tarixli, 501 partiya nömrəli) müayinələrə cəlb olunub. Sınaq nəticəsində məhsul partiyasında “vitamin B12” miqdarının normadan aşağı olduğu müəyyən olunub. Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) epizootik sabitliyin qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ölkə üzrə baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların identifikasiyası və qeydiyyatı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən həyata keçirilir. Hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və həmin nömrə vasitəsilə heyvanın həyat dövrü ərzində aparılmış peyvəndləmələr, müalicələr, profilaktik tədbirlər və digər baytarlıq prosedurları vahid məlumat bazasında qeydə alınır. HİQS sistemi heyvanın yoluxduğu xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınağı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir. “Fermadan süfrəyə” prinsipi çərçivəsində identifikasiya heyvanın doğulduğu təsərrüfatdan başlayaraq kəsim məntəqəsinə və son istehlak mərhələsinədək məhsulun mənşəyinin izlənməsini təmin edir. Bu, istehlakçıların təhlükəsiz və mənşəyi məlum olan məhsullarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan sahiblərini və fermerləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsərrüfatlarında olan heyvanları vaxtında identifikasiya və qeydiyyatdan keçirməyə çağırır. Bu, heyvan sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Azərbaycan küçəsində fəaliyyət göstərən “MM” marketdə yoxlama keçirib. Marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Ölkədə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində bir sıra tədbirlər icra olunub. Məqsəd ölkədə epizootik sabitliyin gücləndirilməsi və heyvandarlıq sahəsinin inkişafının sürətləndirilməsidir. Azad zonaların yaradılması bir sıra heyvandarlıq məhsullarının ixracında maneələrin aradan qaldırılmasına, ixrac coğrafiyasının genişlənməsinə və tranzit imkanlarının artmasına şərait yaradacaq. Heyvan xəstəliklərindən azad zonalar Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərini tam, Füzuli, Laçın və Xocavənd rayonlarının ərazilərini isə qismən əhatə edəcək. Digər azad zona isə tam əhatə etməklə Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılacaq. Belə ki, zonaların yaradılması məsələsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ali Baş Qərargahında müzakirə edilib və təşkilat tərəfindən dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ÜHST-nin ekspertlərinin iştirakı ilə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazisində azad zonaların sərhədləri müəyyən edilib və xəritəsi hazırlanıb. Eləcə də azad zona regionlarında fəaliyyət göstərən heyvandarlıq obyektlərinin koordinatları müəyyənləşdirilib və heyvanların identikləşdirilməsinə başlanılıb. Bununla yanaşı, heyvan xəstəliklərindən azad zonaların ÜHST tərəfindən tanınması üçün bir sıra əlavə tədbirlər görüləcək. Bunlara dabaq xəstəliyi üzrə FAO-nun Mərhələli Nəzarət Proqramı çərçivəsində ölkə səviyyəsinin növbəti mərhələyə keçirilməsi, yeni “Heyvan sağlamlığı haqqında” Qanunda müvafiq müddəaların əks etdirilməsi, zonalara giriş-çıxış nöqtələrində nəzarət postlarının yaradılması, azad zona hüdudları daxilində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən müasir emal müəssisələrinin təşkili daxildir. Eyni zamanda azad zonalarda saxlanılan və ora köçürüləcək heyvanların peyvəndlənməsi, identikləşdirilməsi, mütəmadi epizootoloji monitorinqlərin aparılması və sərhədboyu bütün həssas heyvanların peyvəndlənməsi yolu ilə dabaq xəstəliyi üzrə immun zolağın yaradılması təmin olunmalıdır. Həmçinin identifikasiya olunmamış və müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların satış bazarlarına və rayonlararası, xüsusilə Bakı şəhərinə daşınmasının qarşısının alınması, eləcə də belə heyvanların bazarlara girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, heyvanların identikləşdirilməsi və daşınması “Baytarlıq haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Mahmudavar kəndində yerləşən təndirxanada yoxlama keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər tələblərin pozulduğu aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dünyanın aparıcı aqrar texnologiya şirkətlərindən biri olan “Syngenta”nın Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüş zamanı bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı prosedurları, analitik standartların təqdim olunması mexanizmləri, qeydiyyat sənədlərinə dair aktual tələblər, xarici tədqiqat nəticələrinin tanınması imkanları, istehsal sahələrinin qeydiyyat şəhadətnamələrində əks etdirilməsi və qeydiyyat müddətləri ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Tərəflər qüvvədə olan qanunvericiliyin tələbləri, o cümlədən pestisidlərin qeydiyyat müddətinə dair mövcud normalar, eləcə də hazırlanmaqda olan “Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsində nəzərdə tutulan təkmilləşdirmələr barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Görüş çərçivəsində şirkət nümayəndələri AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin sınaqlarının aparıldığı laboratoriyası ilə tanış olub, laboratoriyanın texniki imkanları və tətbiq olunan metodologiyalar barədə məlumat əldə ediblər. Görüş konstruktiv və qarşılıqlı əməkdaşlıq şəraitində keçib, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
AQTİ-nin Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, təlim “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib. Onu da bildirək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 12-si saat 10:00-da Şirvan Gənclər Evində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 11-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Əsgərov Fərid Əsgər oğluna məxsus “SushiNano” suşi emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib. Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmir, havalandırma sistemi quraşdırılmayıb. Bundan başqa, müəssisədə qida məhsullarının, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanaqları mövcud deyil, mütəmadi dezinfeksiya işləri aparılmır, soyuducu təmizlənmir, rəflərdə korroziya əlamətləri müşahidə olunub. Xammalın saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və qanunvericiliyin tələblərinə uyğun markalanması olmayan məhsullardan istifadə edildiyi də müəyyənləşdirilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı obyektin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb.
Ucar rayonu, 28 May küçəsində fəaliyyət göstərən, “Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus qida məhsullarının satışı bazarında bir sıra nöqsanlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının ticarət mərkəzində keçirdiyi yoxlama zamanı bazarda və bazar ərazisində yerləşən ictimai iaşə obyektlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, bazarda balıq, süd və süd məhsulları sanitar norma və qaydalara, gigiyena normativlərinə riayət edilmədən satışa çıxarılır, ictimai iaşə obyektlərində sanitar-gigiyenik tələblər gözlənilmir. Diri balıqların saxlanması və satışı, həmçinin məhsulların təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb, balıqlar sanitar-gigiyenik qaydalar gözlənilmədən birbaşa satış sahəsində təmizlənir və soyuducuda saxlanılmır. Süd və süd məhsulları sanitar-gigiyenik tələblərə və temperatur rejiminə riayət edilmədən açıq şəraitdə saxlanılır. Baxış zamanı qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb, həmçinin balıq, süd və süd məhsullarının müşayiətedici baytarlıq sənədləri (ekpertiza aktı, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilməyib. İctimai iaşə obyektlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub. Belə ki, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsullarının hazırlanması, ləvazimatların yuyulması zamanı sanitar-gigiyenik qaydaların gözlənilmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı bazarın rəhbəri barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək balıq, süd və süd məhsullarının satışı sahələrinin və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Giriş