Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
"İvanovka" ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkar olunub
"İvanovka" ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkar olunub

Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib. Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib. Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib. Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub. Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür. Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

AQTA iki məktəbdə 553 şagirdi sağlam qidalanma mövzusunda maarifləndirdi
AQTA iki məktəbdə 553 şagirdi sağlam qidalanma mövzusunda maarifləndirdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 35 nömrəli və Tahir Həsənov adına 57 nömrəli tam orta ümumtəhsil məktəbində  təşkil olunub. Tədbirdə iştirak edən hər iki məktəbin ümumilikdə 553 şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvə tərəvəzin uşaqlara faydaları” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb

“Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib - VİDEO
“Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Yasamal” bazarına və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçirib. Baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır.  “İnşaatçılar” metrostansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur. Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edir. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək.   Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:

Elektron siqaret düşündüyümüzdən daha təhlükəlidir - VİDEO
Elektron siqaret düşündüyümüzdən daha təhlükəlidir - VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektron siqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Hesabata görə, hazırda dünyada 100 milyondan çox insan “veyp”-dən (elektron siqaret) istifadə edir və onların ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir. Mövcud məlumatlar göstərir ki, yeniyetmələr arasında “veyp” istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə yüksəkdir. Elektron siqaretlər, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadları, marketinq strategiyaları və sosial mediada geniş reklam bu məhsulları gənclər üçün daha cazibədar edir. Əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, veyp istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılır. Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və xoş qoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində, restoranlarda və digər ictimai yerlərdə rahat istifadə olunmasına səbəb olur və passiv şəkildə təsirə məruz qalma ehtimalını artırır. ÜST hesabatında eyni zamanda ölkələrə çağırış edərək bildirir ki, yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsini yaxından izləsin, yeni məhsulların yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici tədbirlər həyata keçirsin.  Veyp-in zərərləri ilə bağlı ətraflı məlumat linkdəki videodadır:  https://www.youtube.com/shorts/MompBOqwmx8

Sabunçu bazarı və bazarətrafı qida obyektlərində reyd keçirilib - VİDEO
Sabunçu bazarı və bazarətrafı qida obyektlərində reyd keçirilib - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən Sabunçu bazarında və bazarətrafı qida obyektlərində reyd keçirilib. Baxış zamanı bazarda açıq şəraitdə, soyuducudan kənar, temperatur rejiminə əməl olunmadan və baytarlıq ekspertizasından keçirilməmiş süd və süd məhsullarının, eləcə də ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşuların satışa çıxarıldığı məlum olub. Eyni zamanda bazarın daxilində qanunsuz fəaliyyət göstərən diri quşların satışı və kəsimi sahəsi aşkarlanıb. Burada baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin pozulduğu, kəsim və satışın antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Bundan başqa, aparılan reyd zamanı bazar ətrafında fəaliyyət göstərən “Kəngərli-203 Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus ət satışı mağazasında qanunsuz olaraq heyvan kəsimi üçün dəmir konstruksiyaların quraşdırıldığı, iri və xırdabuynuzlu heyvanların satışı və kəsiminin baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Nöqsanlarla bağlı qanunsuz quraşdırılmış dəmir konstruksiyalar yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb, kəsimin həyata keçirildiyi obyektin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib olunub. Reyd zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün sahibkarlara icrası məcburi göstərişlər verilib, məsələ nəzarətdə saxlanılır. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:

Video
Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası

Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası