Pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər davam edir
14 Aprel 2021 15:36
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində 12-14 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Şəmkir rayonuda yerləşən, Əkbərov Sahil Abdulla oğlu, Hüseynov Ələsgər Qurban oğlu, Məlikov Səxavət Siyasət oğlu, Məlikov Royal Elman oğlu, Məmmədov Qərib Allahverdi oğlu, Tovuz rayonunda yerləşən, Hümbətli Tural İlqar oğlu, Salyan rayonunda yerləşən, Hüseynov Cavid Əlsaf oğluna məxsus pomidor məhsulu yetişdirilən istixanalarda və Şəmkir rayonunda yerləşən “Alyans Aqro” MMC, Salyan rayonunda yerləşən “Azfrut” MMC-də videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.