“Qabaqcıl İstehsal Təcrübələri” mövzusunda təlim keçirilib
7 Dekabr 2022 12:44


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün mütəmadi olaraq nəzəri-praktiki təlimlər keçirilir. AQTİ mütəxəssisləri tərəfindən təşkil edilən növbəti təlim “Qabaqcıl İstehsal Təcrübələri (GMP)” mövzusuna həsr olunub.
“Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün keçirilən təlim zamanı iştirakçılara GMP (Good Manufacturing Practices) haqqında ətraflı məlumat verilib. Bildirilib ki, GMP bir məhsulun xammal və qablaşdırma materiallarından başlayaraq, istehlakçıya çatana qədər təsirli və etibarlı olması üçün riayət edilməsi lazım olan qaydalar toplusu, eyni zamanda məhsullarda keyfiyyət və qida təhlükəsizliyini təmin etmək üçün qida zəncirinin bütün mərhələlərində fasiləsiz tətbiq olunması lazım olan texnikalar ardıcıllığıdır. Sahibkarlıq subyektinin əməkdaşlarına GMP-nin əsas prinsipləri və zəruri şərtləri də izah edilib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
