Qablaşdırma materialları və onların qidaya təsirindən bəhs ediləcək
26 Sentyabr 2022 14:57

28 sentyabr 2022-ci il tarixində saat 12:00-da AQTA “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
Təlim saatı onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda qida ilə təmas edən qablaşdırma materialları, onların tərkib və miqrasiya analizlərinin aparılması haqqında zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Analitik Ekspertiza Mərkəzi” departamentinin mütəxəssisi İlqar Aslanlıya ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
Oxşar xəbərlər

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bölmələri arasında minifutbol turniri start götürüb. Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar. Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub. Qeyd edək ki, turnir 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Türkiyənin istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib. Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.
