Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
22 İyul 2021 10:42
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Vəli İnşallah oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 100A ünvanında yerləşən, fiziki şəxs Musayev Ramil Nail oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 104A ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Gəncə şəhər İcra hakimiyyəti və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirib. Monitorinq zamanı Gəncə şəhəri, 4-cü mikrorayon ərazində baytarlıq nəzarəti olmadan, xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən dəmir konstruksiyalar sökülüb. Sahibkarla maarifləndirici söhbət aparılıb, pozuntulara yol verilməməsi barədə tapşırıqlar verilib.
Xankəndidə mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xankəndi şəhərində fəaliyyət göstərən, sahibkar Qasımov Mahir İsmayıl oğluna məxsus şərab satışı mağazasında yoxlama keçirib. Mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.
“Fırınçı” kafesində yoxlama keçirilib
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən, fiziki şəxs Firudunov Seyid Allahverdi oğluna məxsus “Fırınçı” kafesində yoxlama keçirib. İctimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş