Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
9 Mart 2023 17:01




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı fiziki şəxs Həsənov Əli Tahir oğluna məxsus 90LH732 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobilin salon və yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, antisanitar şəraitdə müvafiq baytarlıq sənədləri olmayan ümumi çəkisi 300 kiloqrama yaxın ət və sub məhsullarının daşınmasının həyata keçirildiyi aşkarlanıb. Daşınma zamanı temperatur rejiminə riayət olunmadığı, eyni zamanda avtomobilin salon hissəsində ət, sub məhsullarının yanaşı və müxtəlif təyinatlı təsərrüfat torbalarına yığıldığı müşahidə edilib. Ekspertizasının aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
