Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?
29 İyun 2026 15:41
İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.
Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpız və yemişin üzərində çürük və çatlar olmamalıdır.
Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qida mənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.
Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlanılması məsləhət görülür.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş