Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
1 Sentyabr 2026 17:26
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa rayon icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.
İclasda zərərvericinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması məqsədilə respublikanın müxtəlif bölgələrində mütəmadi monitorinqlər aparılır, aşkar olunmuş ərazilərdə mübarizə və nəzarət tədbirləri görülür. Mübarizə tədbirlərinin kompleks və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin edilir, məlumat mübadiləsinin operativ təşkili və görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilir.
İclas zamanı Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Ağstafa rayonlarında aparılmış monitorinqlərin nəticələri diqqətə çatdırılıb, zərərvericinin yayılma dinamikası və müşahidə olunan populyasiya sıxlığı barədə məlumat verilib. Həmçinin mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, monitorinq işlərinin genişləndirilməsi və zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı təkliflər verilib. Eyni zamanda Amerika ağ kəpənəyi ilə bağlı fitosanitar vəziyyət də diqqətə çatdırılıb. Hər iki zərərverici üzrə mövcud vəziyyətin davamlı nəzarətdə saxlanılması, məlumatların operativ şəkildə ümumiləşdirilməsi və tədbirlərin aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib, regionlarda monitorinq və nəzarət işlərinin davam etdirilməsi, əhali və kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması, eləcə də zərərvericinin aşkarlandığı ərazilərdə müvafiq fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Görüşdən sonra aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən Qırmızı Körpü gömrük postuna baxış keçirilib. Sərhəd-keçid məntəqəsində zərərvericiyə qarşı operativ mübarizə və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün mövcud infrastruktur və texniki imkanlar qiymətləndirilib.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş