Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparılmalıdır?
14 Mart 2025 14:25










Qəhvəyi mərmər bağacığı nədir?
- Qəhvəyi mərmər bağacığı yayıldığı ölkələrdə iqtisadi zərərlərə səbəb olan karantin tətbiq edilən zərərvericidir. 300-dən çox bitki növü ilə qidalansa da, əsas qidalandığı bitkilər fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor və digər meyvə və tərəvəzlərdir. Bitkilərə ən çox ziyanı yaz aylarından başlayaraq payızın sonuna qədər aktiv qidalanan yetkin fərdlər vurur.
Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları:
- Qəhvəyi mərmər bağacığının bitkiyə vurduğu zərəri azaltmağın və onunla mübarizənin ən effektiv üsulu qışlayan yetkin fərdlərin mexaniki yolla məhv edilməsidir.
- Zərərverici yetkin fərd mərhələsində qrup halında qaranlıq yerlərdə qışlayır. Təbiətdə yarpaq qalıqları, ağac oyuqları və ağac qabığının altında qışlasa da, sığınacaq kimi tikililərdən də istifadə edir. Həmçinin meşələr, meyvə bağları və tarlaların yaxınlığındakı tikililərin sirayətlənməsi ehtimalı yüksəkdir.
- Zərərvericinin aşkarlanması məqsədilə tikililərin ən üst qatlarına, çardaqlara mütləq baxılmalıdır. Bu, mübarizənin düzgün aparılmasının bir göstəricisidir.
- Mübarizə tədbirləri yalnız kimyəvi dərmanlamadan ibarət deyil. Mexaniki mübarizə, yəni bağacığın gizlənə biləcəyi yerlərin yoxlanılması, əşya və avadanlıqların nəzərdən keçirilməsi, mövcud bağacıqların toplanaraq məhv edilməsi olduqca effektiv üsullardandır.
- Qışlama dövründə aparılan düzgün mübarizə nəinki qapalı məkanlarda, o cümlədən sonrakı fəsillərdə açıq ərazilərdə də zərərvericinin sayının azalmasına səbəb olur.
