Qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam edir
12 İyul 2023 16:42
Ölkəmizdə Qəhvəyi mərmər bağacığının aşkarlanması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmin zərərvericinin yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət Regional Əlaqələndirmə Mərkəzi yaradılıb. Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Qazax Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində qərargahları formalaşdırılıb və bütün zəruri texniki avadanlıqlarla təchiz edilib.
Zərərverici ilə mübarizə üçün zəruri ehtiyat bazası yaradılıb, Rusiya istehsalı olan 7000 ədəd feromon tələ və 5000 ədəd dispenser, həmçinin Amerika Birləşmiş Ştatlarının istehsalı olan 900 ədəd feromon tələ alınıb. “Mazımqara” və “Qırmızı Körpü” sərhəd buraxılış məntəqələri, Böyük Kəsik stansiyası nəqliyyat vasitələrinin dezinseksiyası üçün müvafiq infrastrukturla təmin olunub və mart ayının sonuna qədər ölkə ərazisinə daxil olan 76886 nəqliyyat vasitələri Qəhvəyi mərmər bağacığına qarşı dezinseksiya edilib.
2022-ci ilin dekabr ayından etibarən ölkə ərazisində 220 yaşayış məntəqəsində 41608 nöqtədə monitorinq aparılıb. Ümumilikdə, respublika üzrə hazırda 69 yaşayış məntəqəsini əhatə edən 1469 nöqtədə zərərverici aşkar edilib. Aşkar edilmiş 100 mindən artıq qışlayan fərd məhv edilib.
2023-cü ilin 1 aprel tarixindən etibarən zərərvericinin qışlamadan qida yerlərinə keçidi nəzərə alınaraq feromon tələlərin asılmasına başlanılıb. Ümumilikdə 2023-cü ilin 6 ayı ərzində 304 yaşayış məntəqəsində 5281 ədəd feromon tələ asılıb. Asılmış 1566 feromon tələyə baxış keçirilib və 10 minədək yetkin fərd aşkar edilərək mexaniki və kimyəvi yolla məhv edilib.
Qeyd edirik ki, zərərvericinin kütləvi artması və ya qonşu Gürcüstandan miqrasiya etməsi təhlükəsi hələ də qalmaqdadır. Bu səbəbdən vətəndaşları diqqətli olmağa, xüsusən də, Qəhvəyi mərmər bağacığının daha çox rast gəlindiyi Göygöl rayonunun Qızılqaya qəsəbəsində, Qazax rayonunun İkinci Şıxlı kəndində, Balakən rayonunun Mazımçay, Poştbinə və Şərif kəndlərində, Zaqatala rayonunun Bazar və Əliabad kəndlərində Regional Əlaqələndirmə Mərkəzinin (+994 99 708 85 88 (Qərb rayonları üzrə); +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)) qərargahları tərəfindən verilmiş tövsiyələrə əməl etməyə, asılmış feromon tələlərə nəzarət edilməsi üçün dəstək olmalarını xahiş edirik.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş