Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2 Sentyabr 2026 17:41
Qəhvəyi mərmər bağacığı ilə bağlı payız dövründə görüləcək tədbirlərin və əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Göygöl rayonunda İşçi qrupun iclası keçirilib.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Gəncə və Naftalan şəhəri, Göygöl, Samux, Daşkəsən rayon icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak ediblər.
İclasda zərərvericinin ölkədə və regionda yayılma vəziyyəti və mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, mübarizə tədbirləri mövsümi xüsusiyyətlər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə əsas fəaliyyət istiqamətlərindən biri əhali arasında zərərvericiyə qarşı mexaniki mübarizə üsullarının təbliği və bu üsulların tətbiqi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu məqsədlə nümayəndəliklər və kənd ərazi dairələri tərəfindən əhali arasında maarifləndirici işlərin aparılması, zərərvericinin aşkarlandığı ərazilər barədə məlumatların aidiyyəti qurumlara operativ şəkildə təqdim edilməsi vacibdir.
Tədbirdə həmçinin ölkəyə daxil olan yük avtomobillərinə, o cümlədən digər nəqliyyat vasitələrinə sərhəd keçid məntəqələrində nəzarətin həyata keçirilməsi, eləcə də ölkə daxilində daşınan yüklərə fitosanitar nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Payız mövsümünün yaxınlaşması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin aidiyyəti qurumlarla birgə müəyyənləşdirilməsinin və aşkar edilmiş qışlama ocaqlarında müvafiq tədbirlərin görülməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb.
İclasda digər zərərvericilərə dair mövcud vəziyyət və aparılan fitosanitar tədbirlər barədə də məlumat verilib. Aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq nəticələrinin operativ paylaşılması və aşkar edilmiş hallara çevik reaksiya verilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Oxşar xəbərlər
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
Xaçmazda pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş