Qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqinə dair təlim keçirilib
16 Mart 2023 16:17
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida emalı müəssisələrində izlənəbilmə sisteminin praktiki tətbiqi metodları” mövzusunda təşkil olunub.
Təlim zamanı iştirakçılara izlənəbilmə, bu sistemin məqsədləri, prinsipləri, tələbləri, əhatə dairəsi, növləri, tərkib elementləri və praktik tətbiqi, eləcə də beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Bildirilib ki, izlənəbilmə sistemi heyvan və bitki mənşəli qida və yem məhsullarının istehsalı, emalı və satışı prosesləri çərçivəsində bu məhsulların tərkibində, eləcə də qida məhsullarının əldə olunduğu heyvan və bitkilərdə hər hansı maddənin izinin tapılmasından və təqib edilə bilməsindən ibarətdir. Bu sistem istehsal, satış və idxal da daxil olmaqla, məhsulun ilkin emalından son istehlakçıya qədər olan bütün mərhələləri əhatə edir. Eyni zamanda müvafiq qida məhsullarından istifadə edən insanların sağlamlığını ən yüksək səviyyədə qorumaq məqsədini daşıyır.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.