Qida ilə bilavasitə təmasda olan işçilər tibbi müayinədən keçməlidir
17 Fevral 2023 10:20
“Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərinin əməkdaşlarına dair tələblər müəyyən edilib. Belə ki, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları (obliqat qrupları) ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Qanuna əsasən, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Qida subyektlərinin vəzifələri işçilərin ilkin və dövri tibbi müayinəsini, habelə onlara gigiyenik təlimlərin keçirilməsini təmin etməkdir.
Əmək Məcəlləsinə də əsasən, qida sahəsində fəaliyyət göstərən işçi ilə əmək müqaviləsi bağlanılmamışdan öncə həmin şəxs tibbi müayinə keçməlidir. Tibbi müayinələr ilkin və dövri olmaqla iki yerə bölünür. İlkin tibbi müayinə işə başlamamışdan əvvəl, dövri tibbi müayinə isə iş zamanı əməkdaşların tibbi müayinəyə cəlb edilməsini tənzimləyir.
Qeyd edək ki, son zamanlar AQTA tərəfindən ictimai iaşə və ticarət obyektlərində aparılan yoxlamalar zamanı ən çox rast gəlinən pozuntu halları məhz obliqat qrupların tibbi müayinədən keçməməsi ilə bağlıdır. Agentlik bu kimi hallara qarşı ciddi tədbirlər görülməsini bundan sonra da davam etdirəcəkdir.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.