Qida məhsulları idxal edən sahibkarların diqqətinə: Yanvarın 1-dən qeydiyyatdan keçməyən xarici qida obyektlərindən idxala məhdudiyyət qoyulacaq!
11 Dekabr 2023 12:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib. Sahibkarların diqqətinə çatdırılır ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.
Bildirilir ki, yanvarın 1-dək təsdiq üçün rəsmi qaydada müraciət etməyən müəssisələrdən baytarlıq nəzarətinə aid - mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulların ölkəmizə idxalı mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, qeyd olunan tarixdən etibarən yüksək risk qrupuna aid məhsulların istehsal və emal olunduğu xarici qida obyektlərinin təsdiqi idxal tələbinə aid ediləcəkdir.
Xatırladaq ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Məhz qanunun tələblərindən irəli gələrək, Agentlik təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bir daha diqqətə çatdırılır ki, müvafiq qiymətləndirmə aparılmayan və təsdiq edilməyən bu xarici qida obyektlərindən idxal dayandırılacaq və idxalçı şirkətlərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünü qeyd edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşların iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərini və əhalinin doğma torpaqlarına qayıdışını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, şəhər və kəndlər müasir standartlara uyğun qurulur, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti bu ərazilərin sosial-iqtisadi inkişafına və əhalinin layiqli yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir. Tədbirdə Vətən müharibəsində iştirak etmiş Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
RİTM - Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sahibkarlar və mütəxəssislər üçün yeni imkanlar yaradan Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) fəaliyyətə başlayıb. RİTM qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində bilik və bacarıqların artırılmasına, müasir yanaşmaların və beynəlxalq tələblərin öyrənilməsinə xidmət edən rəqəmsal təlim platformasıdır. Platforma qida sahəsində fəaliyyət göstərən sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr, mütəxəssislər və digər maraqlı tərəflər üçün nəzərdə tutulub. İstifadəçilər platforma vasitəsilə müxtəlif mövzularda rəqəmsal təlimlərdən yararlana biləcək, bilik və bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar elektron qaydada rəsmi sertifikat əldə edəcəklər. Təlim materialları Codex Alimentarius, HACCP, ISO standartları və digər beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanır və mütəmadi olaraq yenilənir. Platformada təqdim olunan videodərslər, təqdimatlar, interaktiv tapşırıqlar, özünüqiymətləndirmə testləri və praktiki nümunələr öyrənmə prosesinin daha əlçatan, çevik və səmərəli təşkilinə imkan yaradır. RİTM-in əsas məqsədi qida təhlükəsizliyi sahəsində maarifləndirməni gücləndirmək, beynəlxalq tələblərə uyğun bilik və bacarıqları geniş auditoriyaya çatdırmaq, sahibkarlıq subyektlərinin peşəkar inkişafını dəstəkləmək, eləcə də təhlükəsiz qida zəncirinin formalaşmasına töhfə verməkdir. RİTM təlim platformasından qeydiyyatdan keçmək istəyənlər https://ritm.afsi.gov.az/ saytına keçid edə bilərlər. Tanıtım videosuna keçid:
Şəki və Oğuz məktəblərində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericinin kənd təsərrüfatına vura biləcəyi ziyanın minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Şəki və Oğuz rayonlarının ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı şagirdlərə zərərvericinin bioloji xüsusiyyətləri, kənd təsərrüfatı məhsullarına vurduğu zərər, yayılması və onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, zərərverici payız-qış mövsümündə qışlamaq üçün yaşayış evlərinə və digər tikililərə daxil olur, belə hallarda kimyəvi vasitələrdən istifadə etmədən mexaniki mübarizə üsullarının tətbiqi əhəmiyyət kəsb edir. Zərərvericinin yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Tədbirlərdə maarifləndirmə işinin əhatə dairəsinin genişləndirilməsində əldə olunan məlumatların ailə üzvləri və ətrafdakılarla bölüşülməsinin faydasından da danışılıb. Tədbirlərin əsas məqsədi müəllimlərin və məktəblilərin zərərverici barədə məlumatlılığını artırmaq, onun yayılmasının qarşısının alınmasında ictimai iştirakçılığın gücləndirilməsini təmin etməkdir. Bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş